Ulu Öndər Heydər Əliyevin vəfatından 22 il ötür. Bu illər ərzində Azərbaycan xalqı onun dövlətçilik irsini daha dərindən dərk edib, apardığı siyasətin müstəqil Azərbaycanın sabitliyi və inkişafı üçün necə mühüm təməl olduğunu bir daha təsdiqləyib. Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışı, dağılmaq və parçalanmaq təhlükəsi ilə üz-üzə qalmış ölkəni vətəndaş qarşıdurmasından xilas etdi, hüquqi dövlətin əsasını qoydu və milli birliyin təminatçısına çevrildi. Bu gün ölkənin əldə etdiyi uğurlar, güclü dövlət quruculuğu, beynəlxalq nüfuz və iqtisadi sabitlik məhz Ulu Öndərin qoyduğu möhkəm təməl və onun siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin apardığı ardıcıl siyasət nəticəsində mümkün olub.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib ki, dahi Heydər Əliyevin bir amalı olub - Azərbaycanı tam, xoşbəxt, güclü görmək:

"Bunun üçün də çalışırdı, hətta deyərdim ki, mübarizə aparırdı. O öz çıxışlarında deyirdi: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”. Öz hüquq və azadlıqlarını bilərək, cəmiyyətin formalaşmasında aktiv fəaliyyət göstərmək hər bir vətəndaşın vəzifəsidir. Bütün fəaliyyətinin əsasında bir məqsəd dayanırdı: Azərbaycan vətəndaşı özünü dərk edə bilsin, tarixini, mədəniyyətini öyrənsin. Azərbaycançılığın ümummilli ideologiyaya, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müasir müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev deyird ki, Azərbaycanın ən başlıca sərvətlərindən biri, bəlkə də, ən başlıcası qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”. Heydər Əliyev azərbaycançılıq ideologiyasına tamamilə yeni bir məzmun verərək onu Azərbaycanın milli-etnik xüsusiyyətlərinə, müasir dövrün tələblərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdı. Məhz bu ideologiya sayəsində bütövlüyümüz, həmrəyliyimiz və dövlətçiliyimiz daha da möhkəmləndi. Bunu Ulu Öndər siyasətinin layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev daha da gücləndirdi. Məhz güclü siyasətin nəticəsidir ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri milli birliyimizin, həmrəyliyimizin və azərbaycançılıq ideologiyasının ən yüksək zirvəsi kimi xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı”.
Komitə sədri bildirib ki, Heydər Əliyevin diqqətindən kənarda qalan sahə olmayıb: “Xüsusilə, sosial, təhsil, elm, səhiyyə istiqamətləri onun bütün hakimiyyəti dövründə prioritet məsələ olub. O həm sovet dövründə, həm də müstəqillik illərində yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasını diqqətdə saxlayırdı. Hamımız yaxşı xatırlayırıq ki, XX əsrin 70-ci illərinə qədər Azərbaycan aqrar ölkə idi. Ulu Öndər belə bir ölkənin iqtisadi sahələrinin inkişaf etməsi, strateji əhəmiyyətli sənaye müəssisələrinin yaradılması üçün nəhəng işlər görürdü. Əlbəttə ki, neft, kimya, ağır və yüngül sənaye, texnologiya üzrə mütəxəssislərin yetişdirilməsinə də ehtiyac vardı. Buna görə də o zaman bir sıra yeni təhsil ocaqları fəaliyyətə başladı. Bütün bunları o dövrdə həyata keçirmək elə də asan deyildi. Lakin şəxsi nüfuzundan, dövlət xadimlərinin ona olan hörmətindən istifadə edərək qarşısına qoyduğu məqsədinə nail olurdu. Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması isə azərbaycanlıların döyüş ruhunun inkişaf etdirilməsində mühüm rol oynadı. Ordu quruculuğunda bu məktəbin rolu böyükdür. Respublikamız müstəqillik əldə etdikdən sonra bu hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə oldular. Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu bu liseyin yetirmələridir".
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev isə bildirib ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması sayəsində bu gün müstəqil Azərbaycandan və onun uğurlarından, zəfərlərindən bəhs edilir:

“1990-cı illərdə çox çətin dövr yaşayırdıq. Çox təəssüf ki, sovetlər dağıldıqdan sonra müstəqilliyimizi bərpa etsək də, müstəqilliyimizin ilk illəri heç də asan keçmədi. İlk növbədə, AXC-Müsavat cütlüyünün səriştəsiz idarəetməsi torpaqlarımızın işğalı ilə nəticələndi. Bunun üzərinə həm Xocalı faciəsinin, Gəncə şəhərində qardaş qırğınının baş verməsi, demək olar, bu proseslərin kluminasiya nöqtəsi idi. Azərbaycan tamamilə yer üzündən silinə bilərdi. Xalqın təkidi ilə ulu öndər Heydər Əliyev Azərbaycana gəldi, Gəncədəki qardaş qırğınının qarşısını aldı, Ali Sovetdə sədr vəzifəsinə seçildi, prezident səlahiyyətlərini idarə etməyə başladı və Azərbaycanı o çətin, ağır vəziyyətdən çıxardı. Məhz Ulu Öndərin sayəsində Azərbaycan iqtisadiyyatı yenidən formalaşdırıldı, Əsrin Müqaviləsi imzalandı, Azərbaycan qonşuları ilə xoş, diplomatik münasibətlər qurmağa başladı. Azərbaycana qarşı olan təzyiqlər qismən də olsa, azaldı. 1994-cü ildə atəşkəsə nail olduq. Azərbaycan yenidən quruldu, inşa olundu, dövlət idarəçiliyində islahatlar həyata keçirildi. Torpaq islahatları xüsusilə qeyd edilməlidir ki, torpaqlar kəndlilərə, əhaliyə verildi. Bir sözlə, Ulu Öndər Azərbaycanı uçurumun tam kəndarından geri qaytara, yeni, müasir, müstəqil Azərbaycanı qura bildi. Əfsuslar olsun ki, qismət olmadı, qalan arzularını da özü reallaşdırsın. Lakin cənab Prezident İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin bütün arzuları, istəkləri, vəsiyyəti həyata keçirildi. Ən əsası Qarabağ, Şərqi Zəngəzur işğaldan azad olundu. Azərbaycan regionun ən güclü dövlətinə çevrildi. Bu gün Azərbaycanın iştirakı və razılığı olmadan regionda heç bir beynəlxalq layihə reallaşa bilməz. Dünya liderləri Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici və daxili siyasətdən danışır. Bu siyasət isə məhz ulu öndər Heydər Əliyevin təməlini qoyduğu strategiyanın, xəttin davamıdır. Şükürlər olsun ki, Ulu Öndərin bu gün bütün arzuları reallaşıb. Cismən aramızda olmasa da, ruhən bizimlə birlikdədir. Nə qədər ki Azərbaycan var olacaq, Ulu Öndər daim yaşayacaq!”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova
