AZ

General: Ulu Öndərin formalaşdırdığı strateji dövlətçilik modeli Azərbaycanı regional və qlobal siyasətdə aparıcı aktora çevirib

Bakı, 12 dekabr, Səbinə Əlizadə, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin qurduğu müasir dövlətçilik modeli Azərbaycanı zəif postsovet respublikasından regional və qlobal səviyyədə söz sahibi olan strateji aktora çevirib. Onun müəyyənləşdirdiyi siyasi xətt, dövlətçilik fəlsəfəsi və dövlət idarəçiliyinin institutlaşdırılmış strukturu bu gün də Azərbaycan dövlətinin gücünün, sabitliyinin və davamlı inkişafının əsasını təşkil edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirib.

Generalın sözlərinə görə, Heydər Əliyevin siyasi irsi bir neçə əsas strateji sütun üzərində qurulub və bu sütunlar Azərbaycanın dövlətçilik modelinin dayanıqlığını təmin edib: “İlk strateji istiqamət dövlət suverenliyinin təmin edilməsinə yönəlmiş realizmdir. Heydər Əliyevin əsas yanaşmalarından biri ideoloji romantizmdən uzaq, milli təhlükəsizlik və dövlətin davamlılığını prioritet edən, güclü mərkəzi dövlət konsepsiyasına əsaslanan siyasət idi. O, “müstəqilliyi elan etmək kifayət deyil, onu yaşatmaq lazımdır” prinsipini dövlət idarəçiliyinin əsas xəttinə çevirdi. Bunun nəticəsində Azərbaycan bu gün Ukrayna müharibəsi, Yaxın Şərq böhranları və Cənubi Qafqazdakı rəqabət fonunda belə dövlət refleksini itirməyən, çevik qərarvermə qabiliyyətinə malik, güclü dövlət kimi formalaşıb”.

Yücel Karauz Ulu Öndərin siyasətinin ikinci əsas xəttinin çoxvektorlu, balanslaşdırılmış xarici siyasət olduğunu diqqətə çatdırıb: “Heydər Əliyev böyük güclər arasında tərəf seçmədən, lakin, eyni zamanda, heç bir güc mərkəzindən asılı olmadan milli maraqlara əsaslanan xarici siyasət xətti qurdu. Rusiyayla qarşıdurmadan yayınmaq, Qərblə enerji və investisiya əlaqələri yaratmaq, İran istiqamətində nəzarətli siyasət yürütmək, Türkiyə ilə isə dərin strateji və hərbi ittifaq formalaşdırmaq onun çoxvektorlu siyasətinin əsas elementləri idi. Bu gün Azərbaycanın yaratdığı strateji balans beynəlxalq münasibətlərdə model kimi göstərilir”.

Karauz qeyd edib ki, üçüncü əsas strateji sütun enerji geosiyasətinin dövlət siyasətinin təməl alətinə çevrilməsi olub. Heydər Əliyevin bu sahədə həyata keçirdiyi addımlar Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əvəzolunmaz aktora çevirib. Enerji yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, suverenlik aləti və strateji ittifaqların qurulmasında mühüm vasitə kimi istifadə edildi. Əsrin müqaviləsi, BTC, Cənub Qaz Dəhlizinin təməli olan qərarlar bu gün Azərbaycanı Avropanın ən etibarlı enerji tərəfdaşı və qlobal enerji diplomatiyasında oyunqurucu dövlətə çevirib.

“Dördüncü strateji istiqamət isə Qarabağ məsələsində Heydər Əliyevin təməlini qoyduğu institusional yanaşmadır. Ulu Öndər emosional deyil, uzunmüddətli gücə söykənən ordu, iqtisadiyyat və diplomatiyanı eyni vaxtda gücləndirərək strateji üstünlük əldə edən bir siyasət yürüdürdü. 2020-ci ildə əldə olunan Zəfər Azərbaycan dövlətinin bu strateji səbrinin nəticəsidir.

Beşinci mühüm sütun Türk dünyası ilə inteqrasiyanın ideoloji deyil, strateji konsepsiya kimi qurulmasıdır. “Bir millət, iki dövlət” anlayışı Heydər Əliyevin dövründə, sadəcə, şüar yox, dövlət doktrinasına çevrilib. Türkiyə ilə hərbi-strateji ortaq platformanın qurulması, Türk Dövlətləri Təşkilatının əsas inteqrasiya xəttinin müəyyənləşdirilməsi, regional güc mərkəzinin formalaşdırılması Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir. Bu gün Azərbaycan Türk dünyasında təkcə rəmzi deyil, real, əməli liderlik nümayiş etdirir.

Altıncı strateji sütun dövlət idarəçiliyinin şəxsə deyil, institusional düşüncəyə əsaslanmasıdır. Sovet İmperiyası dağılandan sonra bir çox ölkələrdə dövlətçilik sistemi şəxsiyyət üzərində qurulduğu üçün xarici təzyiqlərə tab gətirmədi. Heydər Əliyevin ən böyük xidmətlərindən biri dövlət siyasətini institutlaşdırmaq, təhlükəsizlik, diplomatiya və iqtisadiyyat arasında uzlaşmış koordinasiya sistemini formalaşdırmaq oldu. Bu gün Azərbaycanın strateji davamlılığını təmin edən də məhz həmin idarəçilik modelidir”, - deyə Karauz vurğulayıb.

General yekunda bildirib ki, Heydər Əliyev Azərbaycanı tarix səhnəsində passiv bir obyekt olmaqdan çıxarıb, onu regional siyasətin və qlobal geosiyasətin subyekti olan ağırlıqlı dövlətə çevirib: “Heydər Əliyev Azərbaycan xalqına təkcə bir dövlət yox, həm də istiqamətini heç vaxt itirməyəcək strateji konspekt miras qoyub. Bu, Azərbaycanı həm bölgədə, həm Avrasiya məkanında, həm də qlobal siyasətdə öz sözünü deyən aparıcı gücə çevirir”.

 

Seçilən
35
azertag.az

1Mənbələr