AZ

Tanınmış şəxslər Qarabağa köçsə...

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Milli Məclisin deputatı, yazıçı Aqil Abbas deyib ki, ona Ağdamda ev verilərsə, ailəsi ilə birlikdə köçüb orda yaşayacaq.

Əslində ölkənin tanınmış adamlarının, xüsusilə Qarabağdan olan məhşur simaların belə bir fikirdə olması çox yaxşıdır. Qarabağ tarixən Azərbaycanın, bütövlükdə Şərqin elm, mədəniyyət mərkəzlərindən biri olub. Bu diyarda böyük tarixi şəxsiyyətlər, elm, incəsənət xadimləri, nəhəng söz ustaları, musiqi ustadları yetişib. Sadalasaq, uzun bir siyahı alınar. Onların bir çoxu elə Qarabağda yaşayıb, yaradıb və çalışıb. Aqil Abbasın niyyəti də bu qəbildəndir. Aqil Abbas Ağcabədidə doğulub, ancaq 2 yaşından Ağdamda böyüyüb. Uşaqlıq və yeniyetməlik, ilk gənclik illərini Ağdamda keçirib, ona görə də Ağdamda yaşamaq istəməsi təbiidir.

Ümumiyyətlə, tarixə baxsaq, dünyada bir çox tanınmış elm, ədəbiyyat, sənət adamları əyalətdə yaçayıb. Bunun ən bariz nümunəsi Nizami Gəncəvidir. O, doğulub böyüdüyü Gəncə şəhərində yaşayıb və yarayıb. Azərbaycanda son nümunələrdən biri Musa Yaqub ola bilər; ömrünün əksər hissəsini İsmayıllıda - doğma kəndi olan Buynuzda keçirib.

Dünyada belə örnəklər az deyil: Lev Tolstoy, Anton Çexov, Jerom Devid Selincer, Tomas Hardi, Rabindranat Taqor, Uilyam Folkner... Çox ad çəkmək olar. Bu şəxslər əyalətdə yaşayıb, dünyaca məşhurlaşan dahi yazıçılardır. Rəssamlar, bəstəkarlar və başqa yaradıcı adamlar arasından da xeyli misal gətirmək olar.

Mənim düşüncəmə görə, yaradıcı insanların Qarabağa köçməsi bu bölgədə məskunlaşnaya çox yaxşı təsir edər. Yeri gəlmişkən, tanınmış, məşhur şəxslərdən olmasaq da, bu təşəbbüsü hamıdan əvvəl biz irəli sürmüşdük. Ona görə də Aqil Abbasın fikrini dəstəyimizi ifadə edirik.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
bizimyol.info

1Mənbələr