AZ

Ümummilli Lider Heydər Əliyevin siyasəti ilə Azərbaycan Zəfər tarixini yazdı, tam suverenliyini bərpa etdi

Bakı, 12 dekabr, AZƏRTAC

Bu gün artıq 22 ildir ki, xalqımız Ümummilli Lider Heydər Əliyevin əziz və əbədi xatirəsini dərin ehtiramla anır. Xalqımızın müdrik rəhbəri, müasir və müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev tariximizin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzi (STM)İdarə Heyətinin üzvü, professor Tahirə Allahyarova söyləyib.

O bildirib ki, son yarım əsrdə Azərbaycanın dövlətçilik salnaməsinin bütün mərhələləri onun müstəsna xidmətləri ilə bilavasitə bağlıdır: "Ulu Öndər Heydər Əliyev xalqımızın böyük siyasi lideri, qlobal miqyasda tanınan dahi azərbaycanlı və bütöv Türk dünyasının nüfuzlu şəxsiyyəti kimi tarixə düşüb.

Ümummilli Lider Heydər Əliyevin siyasətinin və dövlətçilik irsinin əsas qayəsi Azərbaycanın müstəqilliyi, suverenliyi və xalqımızın azad yaşamaq haqqının təmin olunmasıdır. Onun bütün fəaliyyəti Azərbaycanın siyasi, iqtisadi, milli və mədəni suverenliyinin möhkəmləndirilməsinə yönəlmişdi.

Ulu Öndər ölkəmizə rəhbərliyinin birinci dövründə, tamamilə fərqli olan sovet sisteminin şərtləri daxilində, bugünkü müstəqil Azərbaycanın təməlini yaratdı. Azərbaycan iqtisadiyyatı inkişaf yoluna çıxdı, elm, təhsil və müasir mədəniyyətin əsasları formalaşdırıldı. Xarici ölkələrdə təhsil almaq üçün yüzlərlə gənc göndərildi. Həmin illərdə qoyulan təməllər onun 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəni xaosdan çıxarıb sabitlik və inkişaf yoluna aparmasına imkan verdi".

Professor vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın adını dünya siyasi xəritəsində əzmlə tanıtdı: "Azərbaycan beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu subyekt kimi formalaşdı, öz taleyinin sahibi olduğunu bütün dünyaya sübut etdi. Bu siyasətin davamı isə Azərbaycanın ən böyük zəfərinə – torpaqlarımızın azad olunmasına aparan tarixi yolu açdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi ki, bu da Ulu Öndər Heydər Əliyev siyasətinin məntiqi nəticəsi idi".

"Prezident İlham Əliyevin dediyi kimi, “bizim siyasətimizin təməlində Heydər Əliyev siyasəti dayanır”. Məhz bu siyasət müstəqilliyimizi qorudu, dövlətçiliyimizi möhkəmləndirdi və Azərbaycanın gələcəyini təmin etdi. Bugünkü bütün uğurlarımızın və qələbələrimizin başlanğıc nöqtəsi Ulu Öndərin qoyduğu möhkəm təməldir.

Ümummilli Lider Heydər Əliyevin artıq fiziki olaraq aramızda olmamasına baxmayaraq, zaman keçdikcə onun böyüklüyünü, əzəmətini daha aydın görürük. Azərbaycanın əldə etdiyi hər bir uğurda, həyata keçirdiyi hər bir islahat və nailiyyətdə Ulu Öndər Heydər Əliyev siyasətinin davamlı təsiri hiss olunur. Tam suverenliyinə qovuşmuş Azərbaycan məhz onun bizə əmanət etdiyi ən qiymətli irsdir. Bu müstəqillik sarsılmaz və dönməzdir.

Bu gün biz Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edir, onun adı ilə bağlı olan şərəfli yolu bundan sonra da daim və qətiyyətlə davam etdirəcəyimizi bildiririk. Heydər Əliyevin dövlətçilik tariximizdə qoyduğu silinməz iz, Azərbaycan adının dünyada yüksəlməsi yolunda gördüyü işlər xalqımız tərəfindən hər zaman uca tutulacaq.

Xalqımız Ümummilli Liderin müqəddəs əmanəti olan müstəqil və suveren Azərbaycanı qorumağı indiki və gələcək nəsillərin ən böyük borcu kimi qəbul edir. Bu əmanəti qorumaq və yaşatmaq bizim hər birimizin müqəddəs vəzifəsidir",- deyə T. Allahyarova vurğulayıb.

Seçilən
39
azertag.az

1Mənbələr