AZ

Rəqəmsal iqtisadiyyatın inkişafına dair strategiya ölkədə startapların beynəlxalq bazarlara çıxışını təmin edəcək - RƏY

Bakı, 12 dekabr, AZƏRTAC

“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın qəbulu müasir tendensiyalar, dünyada baş verən iqtisadi-siyasi proseslərin beynəlxalq trendlərə uyğunlaşdırılmasını hədəfləyir. Bu hədəflərə dövlət, biznes, maliyyə idarəçiliyi, təhsil texnologiyalarının tətbiqinin struktur dəyişimi, eyni zamanda rəqəmsal transformasiyaya uyğunlaşdırmanın tətbiqi daxildir. Bu eyni zamanda müasir iqtisadiyyatın rəqəmsal transformasiyada mövqeyini müəyyənləşdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı beynəlxalq idarəetmə sistemləri üzrə ekspert Asif İbrahimov bildirib.

Onun sözlərinə görə, hazırda dünyada mövcud olan tendensiyaların fonunda ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişafı diqqət mərkəzindədir.

“Bu məsələ Azərbaycan üçün həm strateji, həm də geosiyasi əhəmiyyət daşıyır. Eyni zamanda, bir sıra ölkələr üçün etibarlı tərəfdaş olaraq ölkəmizdə bu sahənin təkmilləşdirilməsi həyata keçirilməlidir. Strategiyanın tətbiq edilməsi ilə bir sıra istiqamətlərdə keyfiyyət artımı təmin olunacaq. Söhbət həm maliyyə, təhsil texnologiyaları, dövlət idarəçiliyi, həm də kənd təsərrüfat sahəsində tətbiq olunan müəyyən innovativ texnologiyaların tətbiqindən gedir. Bunların bir-birinə inteqrasiyasını reallaşdırmaq iş məhsuldarlığının artırılması baxımından da effektiv ola bilər. Bilirsiniz ki, rəqəmsəl alətlərdən istifadə artıq günümüzün reallığıdır. Buraya “bulud” texnologiyaları, data analitika, süni əsaslı avtomatizasiya prosesləri daxildir ki, bu da artıq bir neçə ildir müəssisələrdə tətbiq olunur. Bu tip texnologiyaların rəqəmsallaşma dönəminə keçiddə dəstəklənməsinə zərurət yaranıb və belə olduğu halda da bu tip transformasiyanın hüquqi və institusional çərçivəyə salınması zərurət daşıyır”, - deyə Asif İbrahimov vurğulayıb.

Ekspert qeyd edib ki, “FinTech”, aqrotexnologiyalar, elektron ticarət, IT və kibertəhlükəsizlik kimi sektorların sürətlə böyüdüyü indiki dönəmdə bu strategiyanın tətbiq edilməsi belə sahələrin inkişaf etməsinə və ümumi vahid bir məkan çərçivəsində inteqrasiyasına xidmət edir: “Bu strategiyanın ən önəmli amillərindən biri ölkədə startapların beynəlxalq bazarlara çıxışının təmin edilməsi ilə əlaqəlidir. Son dövrlərdə Azərbaycanda yeni startaplar inkişaf etdirilir və hökumət bu istiqamətin genişləndirilməsini hədəfləyir. Burada söhbət müəyyən vergi güzəştlərindən də gedir. Sənəddə həmin o startapların maliyyə bazarlarına çıxışında olan problemlərin həll edilməsi istiqamətində həm maliyyə, həm texniki, həm də digər resurslarla dəstək verilməsi məsələləri də yer alıb”.

Kibertəhlükənin ciddi təhdid olduğunu vurğulayan ekspertin bildirdiyinə görə, strategiyanın qəbulu bu istiqamətdə əhəmiyyətli töhfə verə bilər.

“Elektron ticarət əsri olduğuna görə sözsüz ki, hazırda gömrük sistemində olan dəyişikliklər, “ASAN Xidmət”də tətbiq olunan texnologiyalar göz önündədir. Bununla belə Azərbaycanın bir sıra texnologiyaları xaricdən idxal etdiyi nəzərə alınsa, strategiyanın qəbulu yeni texnologiyaların işlənib hazırlanması, tətbiqi və xaricə ixrac edilməsinə imkan verərək ölkəmizin bu bazarda əhəmiyyətli oyunçulardan birinə çevrilmək planlarına uyğundur. Ölkəmizdə önəmli məsələlərdən biri də kibertəhlükəsizlik məsələsidir. Bilirsiniz, bununla bağlı beynəlxalq standartlar mövcuddur. Həmin standartlara uyğun olaraq rəqəmsallaşdırma mühitində kibertəhlükələrin müəyyən edilməsi, onların risklərinin tədqiq edilməsi, yarana biləcək təhlükələri müəyyən edilməsi və milli kibermüdafiə arxitekturasının hazırlanması ön plana çıxardılır. Strategiyanın tətbiqi üzrə müxtəlif dövlət qurumlarının məsuliyyət və səlahiyyət bölüşdürülməsi də nəzərdə tutulur. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən bütün dövlət qurumlarında bu məsələlərə aktiv iştirak edərək müəyyən yarana biləcək problemlərin tədqiq edilməsi tapşırılıb. Fəaliyyət planının hazırlanması isə sahibkarların, biznes iştirakçılarının da bu prosesə ciddi şəkildə cəlb edilməsini təmin edə bilər”, - deyə o vurğulayıb.

Seçilən
46
azertag.az

1Mənbələr