AZ

Ümummilli Lider Heydər Əliyev təhsil işçiləri üçün dəyər və fədakarlıq nümunəsidir » AzadMedia.az



Mamoy Mansurov,
Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin dekanı


Bu gün Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir. Ulu Öndər yalnız müstəqil Azərbaycan dövlətinin memarı deyil, eyni zamanda ölkəmizdə müasir təhsil sisteminin formalaşmasının əsas müəllifi olmuş dahi şəxsiyyətdir. Onun təhsilə münasibəti, gənclərə göstərdiyi etimad və diqqət bu gün də strateji vəzifə olaraq davam etdirilir.

Ulu Öndərin təhsil siyasətinin mərkəzində bilikli, vətənpərvər, müasir düşüncəli insan yetişdirmək dayanırdı. Heydər Əliyev cəmiyyətin inkişafını birbaşa təhsilin səviyyəsi ilə bağlayır, müəllimlik peşəsini ən ali və şərəfli missiyalardan biri kimi qiymətləndirirdi. Bu gün ölkəmizdə hər bir təhsil müəssisəsinin, o cümlədən ali məktəblərin inkişaf strategiyası məhz bu ideoloji xəttə dayanır.

Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımız təhsili ölkəmizin sosial-iqtisadi inkişafının prioritet istiqaməti kimi müəyyən edib. Son illərdə universitetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni təhsil infrastrukturunun yaradılması, müəllimlərin sosial rifahının yüksəldilməsi istiqamətində atılan addımlar bu qayğının real təzahürüdür. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan təhsil sistemi sürətlə yenilənir, rəqabətədavamlı, qlobal trendlərə uyğun mühit formalaşır.

Biz, təhsil işçiləri olaraq, Ulu Öndərin təməlini qoyduğu dəyərlərə və Prezident İlham Əliyevin davam etdirdiyi müasir islahatlara xidmət etməyi həm şərəf, həm də məsuliyyət hesab edirik. Gənclərin elmi biliklərlə silahlanmış, milli ruhlu və müasir düşüncəli yetişməsi üçün çalışmaq bu gün hər birimiz üçün borcdur.

Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə bir daha böyük hörmət və ehtiramla dahi rəhbərin əziz xatirəsini yad edir, onun ülvi ideyalarına sadiq qalacağımızı bildiririk. Təhsilin inkişafı naminə göstərilən dövlət qayğısını yüksək qiymətləndirir, bu etimadı əməli fəaliyyətimizlə doğrultmağa çalışırıq.
Seçilən
95
1
azadmedia.az

2Mənbələr