AZ

Vernidub Qriqorçuk deyil

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Cari "futbol ili"nə Samir Abasovla başlayan "Neftçi" artıq ukraynalı mütəxəssis Yuri Verniduba tapşırılıb. Əlbəttə, mövsüm ərəfəsində "ağ-qaralar"ın qış fasiləsindən öncə Misli Premyer Liqasının (MPL) turnir cədvəlində indiki mövqeyində olacağını yalnız ən bədbin fanatları güman edərdilər. Lakin mövcud reallıq sözügedən klub adına yetərincə üzücüdür. Abasovla yolları ayıran Bakı təmsilçisi onun səlahiyyətlərini müvəqqəti olaraq icra edən Sənan Qurbanovun qısa fəaliyyəti dönəmində də qələbəyə həsrət qaldı. Artıq paytaxt komandasında yeni səhifə açılıb. Bəs görəsən Vernidublu gələcəyə ümidlə baxmaq olarmı? Onun "Neftçi"ni vəziyyətdən çıxaracağı nə dərəcədə realdır?

Abasov şansını boşa verdi

2020/21 mövsümünün son turunda "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edərək son çempiomluğuna qovuşan "Neftçi" parlaq nəticəni məhz Samir bəyin rəhbərliyi altında qazanmışdı. Düzdür, sözügedən çalışdırıcı çempionluğun ardından Avropa səhnəsində üzləri güldürməyi bacarmadı, amma postundan göndəriləndən sonra onun geri qaytarılmasını arzulayanları anlamaq çətin deyildi. Bolqarıstanlı legioner Ahmed Ahmedovun 90-cı dəqiqədə vurduğu qolla əldə edilən uğurun məhz Abasovun rəhbərliyi altında təkrarlana biləcəyinə yalnız sadiq fanatlar deyil, futbol ictimaiyyətinin əksər nümayəndələri də inanırdı.

Fəqət Roman Qriqorçukun istefasından - ötən mövsümün 9-cu turundan sonra komandanın "sükanı arxası"na gətirilən yerli çalışdırıcı bu dəfə şansını boşa verdi. Halbuki rəhbərlik ona maksimum şərait yaratmış, istədiyi futbolçuları heyətə cəlb etməsini təmin etmiş və yersiz açıqlamaları ilə gündəmə gəldiyi məlum anlarda belə, arxasında dayanaraq dəstəkləmişdi. MPL-in 12-ci turunda evdə "İmişli"dən alınan məğlubiyyət (2:3) hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalandırılan mütəxəssisin istefaya göndərilməsini qaçılmaz etdi. 

Vernidub Qriqorçuk deyil

"Neftçi"ni cəmi 9 oyuna çıxaran Qriqorçukun "Qəbələ"də kifayət qədər faydalı fəaliyyətlə diqqət çəkdiyini bilirik. Doğrudur, o, ən yaxşı vaxtlarında, klubun böyük büdcə ilə mübarizə apardığı dönəmdə bölgə təmsilçisinə çempionluq sevinci yaşatmağı bacarmamışdı. Amma UEFA Avropa Liqasının qrup mərhələsi sıradan fakt deyil. Təbii, Qriqorçukun təyinatı heç də yanlış addıma bənzəmirdi.

Fəqət futbolda bəzən gözlənilməz uğursuzluqlar da olur. Vernidubla həmyerlisini müqayisə etsək, bu mütəxəssislərin bir-birindən çox fərqləndiklərini görərik. İstər oyun üslubları, istər şəxsi xarakterləri, istərsə də imza atdıqları nailiyyətlər arasında oxşarlıqlar azdır. Yəni eyni ölkəni təmsil etsələr də, ikisini də tərəzinin bir gözünə qoymaq cəhdi absurddur. Bircə məqamı qeyd etməklə müqayisəyə son qoymaq da olar: Vernidub 2021/22 mövsümündə "Şerif"lə UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb. Tiraspol təmsilçisi onun rəhbərliyi altında 2021-ci ilin sentyabr ayının 15-də "Santyaqo Bernabeu"da "Real Madrid" üzərində 2:1 hesablı qələbə qazanıb. Moldova futbolunda tarixi ilkə imza atan ukraynalının və komandasının bu zəfəri şübhəsiz, təsadüfi sayıla bilməz. Çünki "Şerif" daha öncə qrupdakı digər rəqibini - Donetsk "Şaxtyor"unu da da evdə 2:0 hesabı ilə üstələməklə adında söz etdirmişdi... 

Ukraynada 2 dəfə ilin ən yaxşı futbol məşqçisi adına layiq görülən Yuri Nikolayeviçin 2020-ci ildə Belarus çempionu olması da çox şeydən xəbər verir. İşə Luqans "Zarya"sında başlayan çalışdırıcının baş məşqçi qismindəki nailiyyətləri ilə tanış olun:

2016 - "Zarya" (Luqansk) ilə Ukrayna Kubokunun finalçısı
2016, 2018 - Ukraynada ilin ən yaxşı məşqçisi 
2017 - "Zarya" ilə Ukrayna çempionatının bürünc mükafatçısı
2020 - "Şaxtyor"la (Soliqorsk) Belarus çempionu 
2020 - "Şaxtyor"la Belarus Kubokunun finalçısı 
2021 - "Şerif"lə Moldova çempionu
2021 - "Şerif"lə Moldova Kubokunun finalçısı 
2021 - "Şerif"lə Moldova Superkubokunun finalçısı 

"Neftçi"nin avrokubok xəyalları suya düşməyib

Yuxarıda qeyd etdiyimiz kimi, iki postsovet ölkəsində çempionluq sevinci yaşayan adamın Azərbaycanda da uğurlu performansla diqqət mərkəzinə düşmək ehtimalı az deyil. Düzdür, mövcud vəziyyətdə bu mövsüm "ağ-qaralar"ın çempion ola biləcəyi o qədər də inandırıcı görünmür. Ancaq Bakı komandası avrokuboklara vəsiqə qazanmaq şansını itirməyib. Real yanaşsaq, əsas mübarizə irəlidədir. 15-ci turda "Sumqayıt"ı qəbul edəcək "xalq komandası" hələ çox şeyi dəyişə bilər. Hazırda "Neftçi"ni lider "Qarabağ"dan 14, 2-ci yerdəki "Sabah"dan 12, 3-cü pillədəki "Zirə"dən isə 11 xal ayırır. "Ağ-qaralar"la 6 ay+1 illik müqavilə bağlayan Vernidub hər şeydən öncə ümid cücərtiləri ilə yadda qalmalıbu posta layiq olduğunu uğurlu fəaliyyəti ilə isbatlamalıdır. Bizə gözləmək qalır.

Nihat Ağasoy

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub. 

Seçilən
14
1
fanat.az

2Mənbələr