AZ

Qəbul olunan yeni strategiya ölkədə real rəqəmsal işçi qüvvəsinin formalaşmasına ciddi təsir göstərəcək – RƏY

Bakı, 12 dekabr, Pərvanə Qafarova, AZƏRTAC

Süni intellekt artıq iqtisadiyyatda yeni transformasiya alətinə çevrilib. Bu gün dünyanın ən çox dəyər yaradan şirkətlərinə baxanda açıq şəkildə görürük ki, onların əksəriyyəti data, analitika və süni intellekt həlləri üzrə ixtisaslaşıb. Bu, sadəcə texnoloji yenilik deyil, yeni sənaye inqilabıdır. Qlobal trendlər də göstərir ki, rəqabət qabiliyyəti birbaşa olaraq rəqəmsallaşma tempindən və innovasiya imkanlarından asılıdır. Məhz belə bir dövrdə ölkəmizdə “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın qəbul olunması çox önəmlidir.

Bu fikirləri AZƏRTAC-a açqılamasında “Techstars” vençur şirkətinin mentoru Cəmil Hüseynzadə səsləndirib.

“Strategiyaya baxdıqda görünür ki, burada dövlətin üzərinə düşən əsas vəzifələr – təşviqlər yaratmaq, düzgün çərçivə və zəmin formalaşdırmaq, biznes üçün rəqəmsal infrastruktur hazırlamaq – tam şəkildə əhatə olunub. Eyni zamanda beynəlxalq əməkdaşlıq, rəqəmsal bacarıqların artırılması və təlim proqramları kimi insan kapitalına yönələn təşəbbüslər də xüsusi yer tutur. Bunlar dövlətin etməli olduğu düzgün addımlardır.

İnnovasiya ekosistemində dövlət oyunçu olmur. Dövlət innovasiya yaratmır, o sadəcə şərait yaradır. Yeni Strategiyada da eyni yanaşma açıq şəkildə görünür. Dövlət bulud infrastrukturu, məlumat mərkəzləri, “Rəqəmsal həllər platforması”, sandbox mühitləri, açıq reyestrlər kimi çərçivələri qurur. Amma bundan sonrakı mərhələni real innovasiyanı, texnologiyanın tətbiqini, kommersiyalaşdırmanı özəl sektor həyata keçirəcək. Çünki iqtisadi inkişaf üçün maddi maraq lazımdır və bu maraq əsasən özəl sektorda olur”, - deyə C.Hüseynzadə bildirib.

C.Hüseynzadə qeyd edib ki, Strategiyada özəl sektorun inkişafını sürətləndirəcək çox ciddi mexanizmlər var: “Yeni startapların qurulması üçün təşviqlər, vençur kapitalı üçün daha əlverişli mühitin yaradılması, özəl data mərkəzlərinin dövlət−özəl tərəfdaşlığı əsasında təşviqi, startapların və tədqiqat mərkəzlərinin sənaye ilə əlaqələndirilməsi, yerli İKT məhsullarının istehsalına dəstək. Bunlar hamısı innovasiya üçün ən vacib amillərdir və iqtisadi artımı sürətləndirəcək əsas istiqamətlərdir”.

“Digər mühüm məsələ insan kapitalıdır. Süni intellekt sahəsində ən çox çətinlik yaşanan istiqamətlərdən biri məhz kadr çatışmazlığıdır. Strategiyada butkamplar, təqaüd proqramları, qlobal İKT şirkətləri ilə birgə təlimlər, universitetlərdə yeni rəqəmsal ixtisasların tətbiqi, doktorantura səviyyəsində tədqiqatların dəstəklənməsi kimi çox vacib addımlar nəzərdə tutulur. Bunlar ölkədə real rəqəmsal işçi qüvvəsinin formalaşmasına ciddi təsir göstərəcək.

Nəticə etibarilə deyə bilərik ki, yeni Strategiya dövlətin nəyi etməli olduğunu dəqiq müəyyən edir: infrastruktur qurmaq, ekosistemi formalaşdırmaq, mühiti daha əlçatan və daha rəqabətli etmək. İnnovasiya isə yenə də özəl sektorun üzərində olacaq, bu da doğru modeldir. Sənəddə nəzərdə tutulan tədbirlər ardıcıl həyata keçirildikcə, Azərbaycan yaxın illərdə regionun rəqəmsal mərkəzlərindən birinə çevrilə bilər”, - deyə Cəmil Hüseynzadə bildirib.

Seçilən
34
azertag.az

1Mənbələr