AZ

Xaosdan sabitliyə aparan yol: Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası

Bakı, 12 dekabr, AZƏRTAC

Xaos, anarxiya və vətəndaş müharibəsi təhlükəsi... Azərbaycanı parçalamağa çalışırdılar… Bir tərəfdə imperiya xülyasından əl çəkməyən Rusiya, digər tərəfdə Azərbaycanı özünün bir parçası kimi görən İran və hər ikisinin alət kimi istifadə etdiyi Ermənistan... Azərbaycanın isə nə bütün cəbhələrdə müqavimət göstərəcək gücü var, nə də vəziyyəti toparlayıb, xalqa ümid verəcək siyasi hakimiyyəti.

Tarixən imperiyalar yaradan böyük xalqlar belə vəziyyətlərdə cəld reaksiya verərək, düzgün seçim etməyi bacarır. Biz də bacardıq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Arazxan Balayev bildirib.

Azərbaycan xalqı yeganə çıxış yolunun Heydər Əliyevi Bakıya gəlməyə razı salmaq olduğunu anlayırdı. Niyə razı salmaq? Çünki belə çətin vəziyyətdə heç kim əlini daşın altına qoymaq istəməzdi.

O, düşünmədən təklifi qəbul etdi. Bakıda isə Heydər Əliyevin boş büdcə, silahsız, texnikasız və ruhdan düşmüş əsgər, yatırılmalı olan qiyam, iflic olmuş iqtisadiyyat və digər problemlər gözləyirdi. Ümummilli Lider bu vəziyyətə hazır idi. Əvvəlcə qiyamı yatırmaq lazım idi. Qiyamçıların içərisinə gözünü qırpmadan getdi və bu problemin danışıqlarla həllinə nail oldu. Növbəti addımla əsgərin əhvalı yüksəldildi. Çətinliklə də olsa dost ölkələrdən silah və mərmilər alındı. Uğurlu Horadiz əməliyyatı ilə düşmən geri oturduldu.

Bunun nəticəsində Ermənistan atəşkəs imzalamağa məcbur oldu. Tezliklə neft sazişi imzalanacaq və bununla da Heydər Əliyev qarşıya qoyulan ilk hədəflərə nail olacaqdı. Bundan sonra Heydər Əliyevin qarşısında iqtisadiyyatı bərpa etmək, ordu quruculuğu və Qarabağı işğaldan azad etmək üçün bütün sahələrdə güclənmək vəzifələri dayanırdı. Problemlər mərhələlərlə öz həllini tapırdı.

İqtisadiyyat keçid dövrünü adlayır, ordu Qarabağı azad etmək üçün hazır vəziyyətə gətirilirdi, amma Heydər Əliyev anlayırdı ki, işi tamamlamağa ömür vəfa etməyəcək. Bu səbəbdən son həmləni öz varisinə - İlham Əliyevə vəsiyyət etdi. İlham Əliyev əmanət kimi qəbul etdiyi vəsiyyəti həyata keçirmək üçün illərlə çalışdı və 2020-ci ilin 27 sentyabrında işğal altında olan torpaqları azad etmək üçün əks-hücum əmri verdi.

Noyabrın 8-də isə Müzəffər Ali Baş Komandan Şuşanın azad olunduğunu elan etməklə, ata vəsiyyətini yerinə yetirdiyini fəxrlə söylədi. Beləliklə, böyük missiya tamamlandı.

İndi isə hər birimizin hədəfi Azərbaycanın daha da inkişafı və daha böyük nailiyyətlər əldə etməsi naminə birlikdə çalışmaq olmalıdır.

 

Seçilən
44
azertag.az

1Mənbələr