AZ

Ermənistandan Azərbaycana “Zod” TƏHDİDİ – Əgər qarşısı alınmasa…

Azərbaycan və Ermənistan nümayəndələrinin Göyçə vilayətindəki “Zod” (“Sotk”) qızıl mədəninin sərhədyanı hissəsində birgə çöl tədqiqatları aparması xəbəri regionun həssas iqtisadi və təhlükəsizlik mühitində yeni mərhələni xatırladan siqnal kimi qəbul edilir. Bu mədən uzun illərdir təkcə iqtisadi resurs deyil, həm də siyasi və geostrateji mübahisələrin mərkəzində duran ərazi olub. Demarkasiya barədə yayılan, sonradan təkzib edilən məlumatlar isə göstərir ki, proses təkcə texniki xarakter daşımır; burada tərəflərin suverenlik, iqtisadi gəlirlər və sərhədin idarə olunması ilə bağlı ciddi maraqları toqquşur.

Bəs, məsələnin iqtisadi və təhlükəsizlik maraqlarına mümkün təsirləri nədən ibarət ola bilər? Gələcəkdə bu kimi hallar tərəflər arasında gərginliyə səbəb ola bilərmi? 

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Samir Əsədli bildirib ki, Kəlbəcər rayonunda yerləşən Söyüdlü (ermənilər tərəfindən “Zod” adlandırılır – red.) yatağının hansı tərəfdə qalması məsələsi uzun müddət mübahisələrə səbəb olub.

*Qeyd edək ki, 112 ton qızıl ehtiyatına malik olan bu yataq Cənubi Qafqaz regionunda mövcud olan digər yataqlarla müqayisədə ən yüksək iqtisadi göstəricilərə sahibdir. Bu fakt Söyüdlü yatağının strateji və iqtisadi baxımdan xüsusi əhəmiyyət daşıdığını açıq şəkildə ortaya qoyur.

Qafqazın ən böyük qızıl yataqlarından biri hesab edilən bu yatağın tərkibində qızıl ehtiyatı az olan hissə Ermənistan ərazisində yerləşir. Bunu bilən erməni biznes dairələri Kəlbəcər rayonunun işğal altında olduğu dövrdən məqsədli şəkildə istifadə edib, əsasən yatağın zəngin Azərbaycan hissəsində genişmiqyaslı və intensiv istismar işləri aparıb.

Onlar mümkün qədər çox filiz çıxarmağa çalışaraq Azərbaycanın təbii sərvətlərini qanunsuz şəkildə talan ediblər. Bu fəaliyyət beynəlxalq hüququn, xüsusilə işğal altında olan ərazilərdə təbii sərvətlərin istismarını qadağan edən normaların kobud şəkildə pozulmasıdır”.

Samir Əsədli qeyd edib ki, ümumiyyətlə, SSRİ dövründə mövcud olmuş 15 respublikanın dövlət sərhədləri rəsmi və dəqiq şəkildə müəyyən edilib:

“Məhz həmin rəsmi xəritələrdə Söyüdlü (Zod) yatağının Kəlbəcər rayonu ərazisinə düşdüyü bariz və birmənalı şəkildə görünür. Bu xəritələr hüquqi baxımdan etibarlı mənbə olmaqla yanaşı, yatağın mənsubiyyətinə dair bütün iddialara tutarlı cavab verir.

Bu gün müasir texnologiyalar əsasında əldə olunan inkişaf etmiş peyk görüntüləri mövcuddur. Tarixi xəritələrin peyk görüntüləri ilə müqayisəsi yatağın əsl sahibinin kim olduğunu dəqiq şəkildə müəyyən etməyə imkan yaradır.

Sərhədin “düz ortadan” keçməsi barədə iddialar heç bir faktiki və hüquqi əsas daşımır, çünki qızıl yatağı demək olar ki, az istisnalarla bütövlükdə Azərbaycan Respublikasının ərazisində yerləşir. Bu nəticə həm tarixi sənədlər, həm də müasir texniki sübutlar əsasında təsdiqlənir”.

Şərhçi qeyd edib ki, ölkəmiz bu məsələdə ən xırda güzəştə belə getməyəcək:

“Azərbaycan Respublikası öz ərazi bütövlüyünü, suveren hüquqlarını və təbii sərvətləri üzərində müstəsna mülkiyyət hüququnu qətiyyətlə qoruyur və bu mövqedən geri çəkilməsi mümkün deyil”.

Seçilən
28
nocomment.az

1Mənbələr