AZ

Şəmkirdə qadın keçmiş ərini bıçaqladı TƏFƏRRÜAT

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Şəmkirdə ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin avqustun 31-də rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1990-cı il təvəllüdlü Vüsalə həmin gün saat 21 radələrində yaşadıqları evdə keçmiş əri İslam (adlar şərtidir – red.) ilə mübahisə edib. Mübahisəyə səbəb İslamın onun başqa şəxslərlə sevgi münasibətlərində mobil telefonla danışıqlar aparmasına narazılıq etməsinə görə yaranıb. Mübahisə zamanı qadın bıçaqla bir dəfə keçmiş ərinin qarın nahiyəsinə vurub. Hadisəni törədən Vüsalənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Vüsalə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, İslam onun keçmiş əridir və boşansalar da, uşaqları ilə birlikdə Şəmkir rayonunun kəndində eyni evdə yaşayırlar: “Avqustun 31-də, saat 21 radələrində evdə olduğumuz vaxt İslamla telefonla danışmaqla bağlı mübahisələrimiz olub. İslam mənim boğazımdan əli ilə tutaraq sıxdı və məni yerə yıxdı. Mən də əsəbləşərək həmin vaxt yanımda olan stolun üzərindəki mətbəxdə istifadə elədiyim bıçağı götürdüm və İslamın aşağı qarın nahiyəsinə bir dəfə bıçaqla vurdum. Sonradan əməlimdən peşman oldum”.İş üzrə zərərçəkmiş İslamın sözlərinə görə, Vüsalə onun keçmiş həyat yoldaşıdır: “Rəsmi olaraq heç bir yerdə işləmirəm. Fərdi əmək fəaliyyəti ilə məşğul oluram. Biz 2007-ci ildə rəsmi olaraq ailə həyatı qurmuşduq. Rəsmi nigahımızdan dörd övladımız olub. Aramızda heç bir ədavətimiz, düşmənçilyimiz olmayıb. Əvvəllər münasibətlərimiz normal olub. Bizim münasibətlərimiz sonradan pisləşməyə başladı. Bunun üçün də 2017-ci ildə rəsmi olaraq boşandıq. Lakin boşansaq da, bir evdə uşaqlarla birlikdə yaşadıq. Aramızdakı dava-dalaşın əsas səbəbi keçmiş arvadım başqa şəxslərlə sevgi münasibətlərində olaraq mobil telefonda danışması üstündə yaranıb. Bunun üçün tez-tez münaqişələrimiz  baş verib. Biz boşansaqda uşaqların saxlanılması məhkəmə tərəfindən mənə həvalə edilib”. Zərərçəkmiş qeyd edib ki, avqustun 31-də, təxminən saat 17 radələrində işdən evə gəlib: “Həmin vaxt cibimdə olan 12 manat pulu uşaqlara xərcləmək üçün verdim. Sonra yatıb axşam tərəfi oyandım. Şalvarımın cibində olan pulu Vüsalədən xəbər aldım. O, isə cibimdə olan puldan xəbəri olmadığını bildirdi. Lakin bundan əlavə Vüsalə mobil telefonla başqa şəxslərlə danışıb. Mən ona kiminlə danışdığını xəbər aldıqda, o, “yaxşı edirəm” dedi. Bunun üçün aramızda mübahisə baş verdi. Baş vermiş mübahisə zamanı keçmiş arvadım nalayiq ifadələr işlədərək söyüş söydü və üstümə gələn zaman onun boğazından tutaraq kənara itələdim. Bu zaman Vüsalə stolun üzərində olan bıçağı götürərək sol ayağımın bud nahiyəsinə bir dəfə zərbə vuraraq mənə bıçaqla xəsarət yetirdi. Mən Vüsalənin əlində olan bıçağı alaraq stolun üzərinə atdım. Daha sonra davamız sakitləşdi. Bir qədər sonra oğlum evə gəldi. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etdim”.Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkmiş təqsirləndirilən şəxsə qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və Vüsalə cinayət məsuliyyətindən azad edilib. O, iş üzrə icraata xitam verilib.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
demokrat.az

1Mənbələr