«Turan Tovuz»un bir qrup futbolçusu klubun idarəçilərinə şikayətə gedib.
Bu barədə qərb təmsilçisindən redaksiyamıza məlumat verilib.
Bildirilib ki, oyunçular funksionerlərlə görüşdə Kurban Berdiyevdən gileylənib. Onları narazı salan hal baş məşqçinin komanda üzvləri arasında ayrı-seçkilik etməsidir.
Belə ki, rusiyalı mütəxəssis əksər legionerləri yerlilərdən üstün tutur. Fərqli münasibətdən narazı qalanlar «Baba»nın yanaşmasının kollektiv daxilində təfriqə yaratması barədə rəsmiləri məlumatlandırıblar.
Qeyd ediblər ki, Berdiyevin ikili yanaşması gündəlik hazırlıq proseslərində özünü qabarıq göstərir. O, əsas heyətdə daim şans verdiyi əcnəbilərə məşqlərdə toxunmamağı tapşırıb.
Kim onlarla sərt ikili mübarizəyə girişirsə, baş məşqçi çalışmanı saxlayır və onlara acıqlanır. Hətta bəzi hallarda həmin futbolçuları məşqdən qovmaqla hədələyib.
Narazı qrup idarəçilərdən Berdiyevin davranışlarına diqqət yetirmələrini, onunla bu mövzuda danışmalarını istəyiblər. Di gəl, aldıqları cavab o olmsayıb.
Oyunçuların diqqətinə çatdırılıb ki, «Baba» komandayla bağlı müzakirə aparmağı xoşlamır. Heç klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev də ona yaxınlaşıb hansısa fikrini dilə gətirməyə çəkinir.
Çünki Berdiyev 2024-cü ilin iyunundan - burada çalışmağa başladığı ilk günlərdən bəri rəhbər personala öz arasında böyük məsafə saxlayır və kimsəni yaxına buraxmır.
SPORTİNFO.AZ