
Son zamanlar təhsil ictimaiyyətində, xüsusilə də valideynlər arasında dərsliklərlə bağlı narazılıqların artması diqqət çəkir. Müasir tədris materiallarının məzmunu, struktur baxımından mürəkkəbliyi, metodik yanaşmalar və şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olmaması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Valideynlər dərsliklərin həm praktik istifadəsində, həm də övladlarının dərs yükünün artırılmasında müəyyən çətinliklərin yarandığını bildirirlər. Bu narazılıqlar cəmiyyətdə təhsilin keyfiyyəti, dərsliklərin hazırlanması prosesinin şəffaflığı və ekspertiza mexanizmlərinin effektivliyi barədə müzakirələri daha da aktuallaşdırır.
Mövzu ilə bağlı Missiya.Az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, son zamanlar dərsliklərlə bağlı narazılıqların artması təsadüfi deyil:
"Dərslik təhsilin əsas alətlərindən biridir və onun dili, məzmunu, yaş səviyyəsinə uyğunluğu birbaşa şagirdin öyrənməsinə təsir edir. Bu səbəbdən cəmiyyətdə müzakirələrin aparılması normal və hətta zəruridir. Amma burada bir mühüm məqamı da açıq deməliyik:
"Elm və Təhsil Nazirliyi tərəfindən yeni hazırlanacaq dərsliklər TRIMS platformasında (müvafiq nazirlik səhifəsində) bir il müddətinə ictimai baxış və qiymətləndirmə üçün açıq şəkildə yerləşdirilir. Yəni müəllimlərə, metodistlərə, mütəxəssislərə və bu sahədə marağı olan bütün tərəflərə rəy bildirmək, təklif vermək üçün real imkan yaradılır. Problem ondadır ki, çox vaxt bu mərhələdə kifayət qədər aktivlik göstərilmir, rəy və təkliflər vaxtında paylaşılmır, narazılıqlar isə kitablar artıq çap olunduqdan sonra səsləndirilir", - deyə o qeyd edib.
G.Əkbərova vurğulayıb ki, burada məsuliyyət yalnız bir tərəfin üzərində olmamalıdır:
"Əgər müəllim dərslikdə problem görürsə, bunu yalnız sosial şəbəkədə yazmaqla kifayətlənməməli, rəsmi platformada əsaslandırılmış rəy, konkret nümunə və təkliflərlə bildirməlidir. Eyni zamanda pedaqoji ictimaiyyət, müəllim birlikləri və sahə üzrə mütəxəssislər bu prosesi daha sistemli şəkildə izləməli, kollektiv mövqelər formalaşdırmalıdırlar",- deyə G.Əkbərova bildirib.
O əlavə edib ki, dərsliklərin keyfiyyətinin yüksəlməsi üçün “şikayət edən yox, iştirak edən müəllim” modelinə keçməliyik. Vaxtında verilən rəy, konstruktiv tənqid və real təkliflər həm dərsliklərin, həm də ümumilikdə təhsil mühitinin daha sağlam formalaşmasına xidmət edər. Qısası, dərslik məsələsində dəyişiklik istəyiriksə, bu prosesin yalnız nəticəsində yox, hazırlanma mərhələsində daha fəal olmalıyıq. Bu imkan var və ondan istifadə etmək artıq bizim peşə məsuliyyətimizdir".
Seyranə Quliyeva
Missiya.Az