Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan-Fransız Universitetinin (UFAZ) geologiya və geofizika mühəndisliyi ixtisası üzrə bakalavriat, daha sonra Yer elmləri üzrə magistratura proqramının məzunu olan Sərvər Məmmədov Avropa Geoloji Elmlər İttifaqının (EGU) 2025-ci il Baş Assambleyasında böyük uğura imza atıb. O, “Yuxarı Reyn çökəkliyinin oolitik əhəngdaşlarının keçiriciliyi” adlı tədqiqat işi ilə həm “Gənc tədqiqatçılar üçün səyahət dəstəyi” (ECSTS), həm də “Nümunəvi tələbə təqdimatı mükafatı”na (OSPP) layiq görülüb.
Sərvər Məmmədov AZƏRTAC-a tədqiqatın məqsəd və nəticələrindən danışıb: “Tədqiqat sahəsinə məsaməli süxurların fiziki və mexaniki xassələrinin öyrənilməsi, rəqəmsal süxur fizikasının tətbiqi, eksperimental geofizika və geotermal enerji üçün perspektivli layların davranışının araşdırılması daxildir. Elmi işdə Böyük Oolit Formasiyasına aid əhəngdaşlarının müxtəlif effektiv təzyiqlər altında deformasiyasını və keçiricilik dəyişmələri araşdırılıb. Tədqiqatın məqsədi süxurların kövrək davranışdan sıxılma rejiminə keçid zamanı necə davrandığını və geotermal enerji layihələrində maye axınını təsir edən əsas amilləri müəyyən etməkdir. Əldə olunan nəticələr karbonat süxurlarının geotermal resursların inkişafındakı rolunu daha dərindən anlamağa əhəmiyyətli töhfə verir”.
EGU-nun “Petrofizika və geomexanika enerji keçidi kontekstində” sessiyası çərçivəsində təqdim edilən bu iş beynəlxalq səviyyədə yüksək qiymətləndirilib. Sərvər Məmmədov hazırda Strasburq Yer və Ətraf Mühit İnstitutunda (ITES) doktorantura təhsilini davam etdirir. O, “Geofizika və proseslərin vizualizasiyası” komandasının tərkibində professor Patrik Bodun rəhbərliyi altında fəaliyyət göstərir.