Berlin, 12 dekabr, AZƏRTAC
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, anım mərasimi Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Heydər Əliyev Fondu tərəfindən çəkilən və dahi şəxsiyyətin xatirəsinə həsr olunan film nümayiş etdirilib.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində tarixi rolundan söz açıb. Azərbaycanın müstəqilliyin əvvəlində ağır sınaqlar – Ermənistanın hərbi təcavüzü, daxili qarşıdurmalar və dövlət institutlarının çökməsi, ölkə həyatının bütün sahələrində dərin tənəzzülün yaşanması ilə üzləşdiyi bir dövrdə məhz Ulu Öndər Heydər Əliyevin müdrik və qətiyyətli liderliyi sayəsində Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edərək, sabitlik və dinamik inkişaf yoluna çıxardığı vurğulanıb.
Dahi şəxsiyyətin ən böyük arzusunun Azərbaycanın ərazi bütövlüyünün bərpası olduğunu vurğulayan N.Ağayev bu arzunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdiyini qeyd edib.
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin Azərbaycanın bugünkü nailiyyətlərində yaşadığını, onun irsinin sülh, tolerantlıq, tərəqqi və beynəlxalq əməkdaşlıq prinsiplərinə sadiq insanlara ilham verməkdə davam etdiyini deyən səfir bildirib ki, Almaniyada yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət “Vətən qəlbimizdədir” sərgisi də məhz bu amalın təcəssümüdür. Sərginin Ulu Öndərin daim önə çəkdiyi milli-mədəni kimliyə bağlılıq, bədii irsə ehtiram kimi dəyərləri əks etdirdiyi qeyd edilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Vətən qəlbimizdədir” sərgisinin təqdimatı olub.
Mədəniyyət Mərkəzinin direktor müavini İsa Məmmədov Ümummilli Lider Heydər Əliyevin doğma Vətəninə və xalqına bəslədiyi dərin sevgi, eləcə də milli mədəniyyətin və incəsənətin inkişafına göstərdiyi xüsusi diqqət barədə danışıb. Sərginin xaricdə yaşayan azərbaycanlı rəssamların Ulu Öndərin ideyalarından ilhamlanaraq Vətənə bağlılığını və milli irsə sədaqətini nümayiş etdirmək məqsədi daşıdığı diqqətə çatdırılıb. Qeyd olunub ki, bu əsərlərdəki hər bir rəng və fırça izi, hər bir forma və element tükənməz Vətən sevgisinin təzahürüdür.
Xalq rəssamı Əşrəf Heybətov, rəssam Marqarita-Kərimova Sokolova çıxışlarında uzun illər Almaniyada yaşayan azərbaycanlı rəssam və heykəltaraşlar ölkəmizdən uzaqda olsalar da, daim qəlblərində daşıdıqları Vətən sevgisini öz əsərlərində ifadə etməyə çalışdıqlarını bildiriblər. Rəssamlar Azərbaycanın zəngin mədəni irsinin özünəməxsus elementlərini nümayiş etdirən sərginin Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmasını dahi şəxsiyyətin milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və təbliği sahəsindəki misilsiz xidmətlərinə ehtiramının ifadəsi kimi dəyərləndiriblər.
Çıxışlardan sonra anım mərasiminin iştirakçıları sərgi ilə tanış olublar.
Sərgidə uzun illər Almaniyada yaşayan azərbaycanlı rəssam və heykəltaraşlar – Əşrəf Heybətov, Marqarita Kərimova-Sokolova, Arif Əmirov, Fərid İsmayılov, Aleksandr Quliyev, Günay Şəmsi, İlqar Şeydayev, Cəmalə Rəhmanlı və Taleh Mirkazımın Vətən sevgisi və milli köklərə bağlılığını əks etdirən 35-dən çox əsəri nümayiş etdirilib.
Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sonda Ulu Öndərin ruhuna ehsan süfrəsi açılıb.
Tədbirdə iştirakçılara Azərbaycanın zəngin tarixi-mədəni irsini əks etdirən nəşrlər təqdim olunub.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin