Hərbi Prokurorluqda hərbi təhsil müəssisələrinin rəhbərlərinin və kursantlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Bu barədə Bakıvaxtı.az-a Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, tədbirdə Baş prokurorun müavini – Hərbi prokuror Bəhruz Əhmədov çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin banisi, müasir Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin öz siyasi iradəsi ilə xalqın taleyində silinməz izlər qoymasından, onun Azərbaycana rəhbərlik illərində həyatın bütün sahələrinin intibah dövrünü yaşamasından danışıb.
Dahi liderin bütün həyatını doğma xalqına həsr etməsi, bütün dövrlərdə Azərbaycanın inkişafı üçün böyük fədakarlıqlar göstərməsi, milli maraqların müdafiəsi üçün öz həyatını təhlükəyə atmasını xüsusi qeyd olunub. 1990-cı illərdə Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi dövrdə xalq tərəfindən Heydər Əliyevin təkidlə hakimiyyətə dəvət edilməsi, qısa vaxtda vətəndaş müharibəsinin qarşısını alması, ölkənin suverenliyinə təhdid yaradan qanunsuz silahlı birləşmələrin ləğv edilməsini təmin etməsi, Ermənistanın Azərbaycana hərbi təcavüzünün dayandırılması və ordu quruculuğuna start verilməsi, güclü Azərbaycanın qurulması istiqamətində zəruri siyasi, hərbi, iqtisadi islahatlara başlanılması əyani misallarla tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə iştirak edən Müdafiə Nazirliyi Milli Müdafiə Universiteti, Dövlət Sərhəd Xidməti Akademiyası və Daxili Qoşunların Hərbi İnstitutunun rəhbər heyəti öz çıxışlarında Ulu Öndərin Azərbaycanda dövlətçiliyin əsaslarını yaratması, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin təməlini qoyması, onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın iqtisadi, hərbi və mədəni yüksəliş yolunu tutması, uğurlu xarici siyasət kursu barədə geniş məlumat verilib, ordu quruculuğu sahəsində milli siyasəti müəyyən etməsi və milli hərbi kadrların yetirişdirilməsi, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz xidmətləri qeyd edilib.
O da bildirilib ki, Azərbaycanın Vətən müharibəsindəki tarixi qələbəsi ölkənin regional və qlobal mövqeyini daha da möhkəmləndirib, Azərbaycanı dünyada söz və nüfuz sahibinə çevirib.
Tədbirin sonunda "Əsrin adamı" sənədli filmi nümayiş etdirilib.