Noyabrın 24-də Samir Abasovu yola salan «Neftçi» rəhbərliyinin yeni baş məşqçi axtarışı 15 gün çəkdi.
Yuri Vernidub Ukraynadan gətirildi, 1,5 illik müqavilə imzalandı.
O, «Sabah»la matçı Masazırda canlı izlədi və gördüklərindən, heç şübhəsiz, xoşlanmadı. Neyçün ki, təhvil aldığı komanda onun gözü qarşısında ən bərbad oyunlarından birini keçirdi, 0:2 hesabıyla uduzdu.
Vernidubun işi burada çox olmayacaq, lap çox olacaq.
Bunun fərqindədir tanınmış mütəxəssis. Görəcəyi işlərin başında səbr dayanır. İstədi, ya istəmədi. Yanvaradək əl-qolu bağlı halda çalışmaq məcburiyyətindədir.
Qış «transfer pəncərəsi» açılana kimi mövcud heyətdən nə kimisə, kimlərisə uzaqlaşdıra, nə də ağında olan futbolçuları bura gətirə biləcək.
Düşərgədəkilərlə qarşıdakı iki oyunda nəsə əldə etməlidir, ondan sonra isə planın ikinci hissəsi işə salınmalıdır.
İki-üç legioneri yola salıb, bir o qədər əcnəbini komandaya qoşmaq - Vernidub bu imkanı əldə etsə, ürəkdən sevinəcək.
Futbolçuların fiziki hazırlığını qaldırmaq - yeni baş məşqçi təlim-məşq toplanışı zamanı ağırlığı bu problemin həllinə verəcək.
Dərd də dərddir ha…
«Neftçi»də bir, iki, yaxud üç-dörd futbolçunun «fizika»sı zəif olsaydı, nə varıydı ki..? Bəla, elə bil, elliklə gəlib bura.
Ucdantutma bütün oyunçuların güc hazırlığı çox aşağı səviyyədədir. 50-55 dəqiqədən sonra hamı yerində dayanır, qaçmağa heyi qalmır.
Bunu o gün Sənan Qurbanov da söylədi. Müvəqqəti baş məşqçi «Sabah»la qarşılaşmanın ilk hissəsindən sonra dörd nəfərin ondan əvəzlənməsini istədiyini açıqladı.
Bu, Samir Abasovun «Neftçi»yə növbəti və hətta ən böyük «hədiyyə»sidir.
Yayboyu komandaya Azərbaycanda və Polşada necə başdansovdu hazırlıq keçibsə, törətdiyi fəsadları aradan qaldırmaqdan ötrü Vernidub yuxusuna haram qatmalıdır.
Heç olmasa, 1 ay.
MUSA