AZ

Ailə strukturunun dəyişməsi - Boşanmaların uşaqlara təsiri

Son illərdə Azərbaycanda boşanma hallarında artım müşahidə edilir. Bu artım ailə strukturunun dəyişməsi və cəmiyyətin dəyərlərinin yenilənməsi ilə bağlıdır. Boşanmanın uşaqlar üzərindəki mənfi psixoloji təsiri isə xüsusilə diqqət çəkir. Ailənin dağılması, uşaqların emosional vəziyyətini pisləşdirərək, onların gələcək həyatına mənfi təsir göstərir. Bu vəziyyət, uşaqların özlərini ifadə etməsində, sosial münasibətlərində və gələcəkdəki ailə həyatlarında çətinliklər yaratmağa səbəb ola bilər.


Aktual mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Manset.az-a açıqlamasında bildirib ki, ailə strukturlarının dəyişməsi ilə boşanmaların çoxalması təkcə ailə mühitini yox, cəmiyyətin ümumi psixoloji durumunu da sarsıdır:


“İki valideynli ailədən kənarda böyüyən uşaqlar emosional, davranış və akademik sahədə daha çox çətinlik yaşayırlar. Uşağın həyatında sabitlik olmadıqda təhlükəsizlik hissi zəifləyir, bunun nəticəsində inkişafda dərin boşluqlar yaranır. Boşanmış və tək valideynli ailələrdə böyüyən uşaqların stress səviyyəsi yüksəlir, məktəb nəticələri zəifləyir, sosial münasibətlərdə çətinlik artır. Bu təsirlər təsadüfi deyil. Ailənin dağılması uşağın psixikasında davamlı gərginlik yaradır. Gərginlik artdıqca aqressiya, özünəinam itkisi, içə qapanma, riskli davranışlar meydana çıxır.

Cəmiyyət belə halların çoxaldığı dövrdə psixoloji yüklə üz-üzə qalır. Sosial sabitlik zəifləyir, emosional tənəzzül dərinləşir. Hər boşanma, hər tək valideyn ailəsi artıq şəxsi problem sayılmır. Bu, cəmiyyət üçün psixoloji riskdir. Risk əvvəlcə uşağın taleyinə toxunur, daha sonra sosial münasibətlərə, ümumi emosional sağlamlığa yayılır. Cəmiyyət insanların boşanmasını gündəlik müzakirəyə çevirməməlidir. Bu məsələ əyləncə mövzusu deyil. Şəxsi həyat ictimai marağa çevrildikcə travma artır. Bu gün müzakirə edilən həmin mövzular illər sonra uşaqların qarşısına çıxır, emosional zərbəni daha da ağırlaşdırır. Cəmiyyət sağlam düşüncə göstərməli, şəxsi həyatı mühakimə predmetinə çevirməməli, uşağın psixologiyasını ön plana çəkməlidir”.

Psixoterapevtin sözlərinə görə, valideyn stressini idarə etməyi bacardıqda uşaq özünü daha sabit və təhlükəsiz hiss edir. Bu səbəbdən də valideyn olmaq psixoloji hazırlıq tələb edir:

“Uşaq sahibi olmadan əvvəl emosional məsuliyyətin mahiyyəti dərk edilməlidir. Əks halda valideynlik sağlam düşüncə ilə deyil, zədələyici davranışlarla idarə olunacaq. Boşanmaq məğlubiyyət deyil. Bəzən münasibəti qorumağın yeganə yoludur. Problem ayrılıqdan sonra gizli müharibənin davam etməsidir. Bir birini cəzalandırmağa çalışan cütlüklər uşağın travmasını ikiqat artırırlar. Uşaq valideynlərin savaşı arasında qalan əsgər deyil. Tərəf seçməyə məcbur qalması onun üçün ən ağır psixoloji zərbədir.

Uşağın psixologiyasını qoruyan əsas şərt sabitlikdir. Uşaq ailədə nə baş verdiyini tam anlamasa belə, təhlükəsizlik hissi itəndə inkişaf pozulur. Buna görə valideyn uşağa emosional dayaq olmalı, dəyişikliklərin ağırlığını onun üzərinə qoymamalıdır. Açıq ünsiyyət vacibdir. Uşaq sual verirsə, cavab almalıdır. Hisslərini ifadə etməsi üçün şərait yaradılmalıdır. Danışa bilməyən uşaq hisslərini içində yığır, bu yığım sonradan partlayıcı aqressiyaya və ya tam qapanmaya çevrilir. Qayğı ilə diqqət ardıcıl olmalıdır. Valideyn öz şəxsi emosional xaosunu uşağa ötürməməlidir. Boşanma valideynin böhranıdır. Uşaq yetkin insanın psixoloji yükünü daşımaq məcburiyyətində deyil”.

 

Fidan Vəlisoy

6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 



 

 

 

Seçilən
7
manset.az

1Mənbələr