Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində BDU SABAH qruplarının müəllim və tələbələri tərəfindən “Məişət zorakılığının ailə və cəmiyyətə təsiri” mövzusunda elmi-praktik təlim keçirilib. Təlim Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BDU SABAH qruplarının birgə təşkilatçılığı ilə reallaşıb.
Hafta.az xəbər verir ki, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin müəllimi Emiliya İgidova tədbirdə çıxış edərək məişət zorakılığının mahiyyəti, növləri, onun ailə institutuna və cəmiyyətin psixososial rifahına göstərdiyi təsirlər barədə elmi yanaşmalara əsaslanan geniş məlumat verib. O, həmçinin zorakılığın qarşısının alınması istiqamətində psixoloji maarifləndirmənin vacibliyini vurğulayıb.
Sonra təlim proqramı tələbələr tərəfindən davam etdirilib.
Təlim elmi-praktik yanaşmaya əsaslanan nəzəri və praktik hissələrdən ibarət olub. Nəzəri hissədə iştirakçılara məişət zorakılığının növləri, zorakılıq hallarına məruz qalan ailələrdə uşaqların qarşılaşa biləcəyi psixoloji risklər, təhlükə faktorları və emosional zədələnmə ehtimalları barədə ətraflı məlumat təqdim olunub. Psixoloji diaqnostikanın aparılma prinsipləri, zorakılığa məruz qalan uşaqlarla işləyərkən əsas götürülməli olan etik və metodiki yanaşmalar, həmçinin psixoloji travmanın aradan qaldırılmasında istifadə edilən müasir psixokorreksiya metodları elmi əsaslarla izah edilib. Tələbələr ailədaxili zorakılığın uzunmüddətli sosial-psixoloji nəticələri, uşaqlarda emosional və davranış pozuntularının yaranma mexanizmi və onların erkən aşkar edilməsinin əhəmiyyəti barədə təqdimatlar ediblər.
Təlimin praktik hissəsində iştirakçı qadınlarla interaktiv məşğələlər, situasiya təhlilləri, psixoloji tapşırıqlar və qısa diaqnostik testlər həyata keçirilib. Təlimə qatılan qadınlar prosesdə fəal iştirak edərək zorakılıq hallarının qarşısının alınması yolları, özünümüdafiə vərdişləri, stresin idarə olunması mexanizmləri, ailə daxilində sağlam kommunikasiya strategiyaları və uşaqlarla düzgün psixoloji ünsiyyət məsələləri ilə bağlı suallarını tələbələrə ünvanlayıblar. Tələbələr iştirakçılara gündəlik həyat situasiyalarında tətbiq oluna biləcək emosional tənzimləmə üsulları, psixoloji dayanıqlığın artırılması yolları və valideyn-uşaq münasibətlərinin sağlamlaşdırılması barədə elmi əsaslı tövsiyələr təqdim ediblər.
Qeyd edilib ki, bu cür maarifləndirici tədbirlər məişət zorakılığının qarşısının alınmasına, ailələrin psixoloji savadlılığının artırılmasına və cəmiyyətin sosial rifahının yaxşılaşdırılmasına əhəmiyyətli dərəcədə töhfə verir.
Sonda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, həmçinin BDU SABAH qruplarının rəhbərliyinə göstərdikləri dəstəyə görə təşəkkür ifadə olunub.