AZ

Vətənə xəyanətin bəraəti yoxdur-ŞƏMSİ QOCA YAZIR

Azərbaycan siyasi tarixində zaman-zaman təkrarlanan bir acı həqiqət var: dövlətin süqutunu hazırlayan güc çox vaxt xaricdən deyil, elə içəridən doğur. Xəyanət anlayışı bir kəsin etibarına, güvəninə, verdiyi sözə sadiq qalmamaq, onu aldatmaq, arxadan vurmaq deməkdir. Dövlətə və milli maraqlara xəyanətin isə hər bir cəmiyyətə zərəri kifayət qədər yükdür və onun təsiri bəzən müharibədən, iqtisadi böhrandan, xarici təhdiddən daha dağıdıcı olur.

Tarixən dövlətlərin və onun liderlərinin xəyanət qurbanı olması barədə kifayət qədər faktlar var – Roma imperiyasından (Yuli Sezarıntaleyi) Osmanlı sultanlarına (II Abdülhəmidindevrilməsi) qədər. Azərbaycan dövlətçilik ənənələrində də Cavanşirin, yaxud Nadir şahın öz sərkərdələri tərəfindən xəyanətə uğraması, Əfşarlar dövlətinin süqutu bu acı nəticələrin isbatıdır.

Bu, sadəcə hüquqi cinayət deyil, həm də mənəvi və tarixi məsuliyyətdir. Xəyanətkar əvvəlcə mənəviyyatını itirir, sonra siyasi mövqeyini, sonunda isə xalqını satır. O, hakimiyyətə gəlmək üçün dövlətin zəifləməsiniarzulayır, xarici güclərin dəstəyini milli maraqlardan üstün tutur.

                      Dövlətçilik iradəsi
Prezident İlham Əliyev Azərbaycanın siyasi tarixinin dəyərlərinə, ənənələrə, siyasi irsə dərin ehtiram göstərən dövlət adamıdır. O, müstəqillik tariximizdə dövlətin və xalqın maraqları uğrunda cəsarətlə mübarizə aparan ictimai-siyasi xadimlərə, habelə Ulu Öndər Heydər Əliyevin komandasında təmsil olunmuş şəxslərə həmişə hörmətlə yanaşıb.

Prezident İlham Əliyev Ulu Öndərin komandasının üzvlərinin böyük bir qismi ilə siyasi hakimiyyətini davam etdirib, onların uzun illər iqtidarda təmsil olunmasına şərait yaradıb. Zamanı çatanda isə bu şəxslər yüksək dövlət təltifləri ilə mükafatlandırılaraq, hörmətlə təqaüdə yola salınıblar. Məsələn, sabiq baş nazir Artur Rasizadənin “Heydər Əliyev” ordeni ilə təltif edilərək, dövlətin ən ali ordeni ilə qiymətləndirilməsi, Elçin Əfəndiyev, Abid Şərifov kimi məmurların da diqqətdən kənarda qalmamağı bunun bariz sübutudur.

Prezident İlham Əliyev üçün əsas prinsip dövlətə, dövlətçiliyə sədaqətlə xidmət və siyasi irsə hörmət olub. Düzdür, məsul vəzifə daşıyan bu və digər şəxslərin müəyyən qüsurları, səhvləri, xətaları da olub. Lakin əgər dövlətə təhlükə yaratmırsa, cəmiyyətin mənafelərini tapdalamırsa, onları bağışlamaq, üzərindən keçmək olar və bəzi məqamlarda dövlət başçısı bunu da edib. Lakin dövlətə xəyanət və nankorluq bağışlanmır.

Heç şübhəsiz ki, uzun müddətli siyasi hakimiyyət dönəmi yalnız sadiqlərlə xatırlanmır. Bu dövrdə dövlətə də, Prezident İlham Əliyevin etimadına da naxələf çıxanlar olub. Bunların arasında dövlətə külli miqdarda ziyan vuran, müxtəlif dövlət çevrilişi ssenarilərində yer alan nankor və xəyanətkar məmurlar olub.

Mehdiyev–Kərimli “izdivacının” siyasi anatomiyası

Bu gün Ramiz Mehdiyevin, Əli Kərimlinin, Gültəkin Hacıbəylinin və Cəmil Həsənlinin eyni zəncirin həlqələri olması aydın olur. Xəyanətkar “trio”dan söhbət getsə də, istisna deyil ki, onların sıraları genişlənsin.

Paradoksun sirri: Təpədən dırnağa rusiyapərəst Ramiz Mehdiyevlə qərbpərəst qiyafəsində olan Əli Kərimlinin birləşməsində heç bir təzad yoxdur. Onları birləşdirən şəxsi ambisiyadır, milli mənafeyə yox, siyasi revanşa xidmət edən istəkdir. Bu, “əl-əli yuyar, əl də üzü” prinsipinə əsaslanan “qarşılıqlı asılılıq sindromu”dur.

Siyasi sifariş: Sövdələşməyə əsasən, Ramiz Mehdiyevin geniş inzibati və maliyyə dəstəyi ilə Əli Kərimli hakimiyyət əleyhinə mübarizənin yeganə “legitim bayraqdar”ı statusuna yüksəldilir, əvəzində Mehdiyev isə onun nəzarətində olan media ilə radikal qüvvələrə qarşı barışmaz mövqedə dayanan “güclü şəxsiyyət” obrazını formalaşdırır.

İfşa: 2019-cu ilin 19 oktyabrından sonra meydan, küçə həvəskarı olan Əli Kərimlinin bircə dəfə də mitinq keçirməməsi Ramiz Mehdiyev Administrasiya rəhbəri vəzifəsindən azad edildikdən sonra bu niyyətin iflasa uğramasının ən bariz sübutudur.

      Qara şəbəkə və konkret faktlar

DTX-nın apardığı istintaq nəticəsində Ramiz Mehdiyevin dövlətə qarşı xəyanətdə ittiham olunan geniş şəbəkəsinin adları və fəaliyyətləri aşkarlanır. Bu şəbəkənin üzvləri arasında sabiq XİN rəhbəri Elmar Məmmədyarov, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov, sabiq mədəniyyət naziri ƏbülfəsQarayev, sabiq MTN rəhbəri Eldar Mahmudov, onun qudası Cahangir Hacıyev və “qara kassa”sı Ziya Məmmədov kimi simalar var. Ziya Məmmədovun qardaşı Elton Məmmədov isə AMEA-da rüşvət sxemini qurmaqla məşğul idi.

Ən dəhşətli məqam isə Rusiya ilə əlaqələrə dair tapılan materiallardır:

Əli Kərimlinin evindən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar və Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun ilkin redaktə variantı tapılıb.

Kərimlinin yaxın silahdaşı Saleh Rüstəmovun Rusiyanın xüsusi xidmət orqanları ilə sıx əlaqələri olub və bu agent vasitəsilə Əli Kərimliyə məxfi ismarıclar çatdırılıb.

Bu faktlar sübut edir ki, Əli Kərimli hakimiyyətə gələ bilmək üçün Kreml qulu olmağa iki əlli razı imiş.

  Zəfər xainlərin strateji məğlubiyyətidir

Azərbaycanın son illərdə qazandığı tarixi qələbələr, Qarabağın azad edilməsi və dövlətin beynəlxalq aləmdə möhkəmlənməsi bu çevrələr üçün gözlənilməz zərbə oldu. Çünki bu qələbələr onların yalnız zəif dövlət və parçalanmış cəmiyyət şəraitində mövcud ola bilmək xəyalını dağıtdı. Buna görə də 44 günlük Vətən müharibəsi onların siyasi varlığı üçün strateji məğlubiyyət oldu.

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin atdığı önləyici addımlar (Mehdiyev, Kərimli, Gültəkin Hacıbəylinin saxlanılması, Cəmil Həsənlinin qaçış cəhdinin qarşısının alınması) təkcə hüquqi proses deyil, həm də milli yaddaşın bərpasıdır.

DTX-nın bu əməliyyatları, Ramiz Mehdiyevin siyasi diversiyası ilə Adnan Əhmədzadənin iqtisadi təxribatının eyni vaxta təsadüf etməsi fonunda, dövlətimizin milli təhlükəsizliyə qarşı kompleks təhdidləri neytrallaşdırmaq bacarığını nümayiş etdirir.

Dövlətə qarşı xəyanət edənlərin əməlləri qısa zamanda ifşa olundu. CM 274-cü maddəsi ilə ən ağır cinayətlər kateqoriyasına daxil edilən xəyanətə görə xainlər layiq olduqları cəzanı alacaqlar. Nəticə etibarilə, Ramiz Mehdiyevlə başlayan bu “siyasi orkestr”in təkcə “birinci skripka”larının deyil, bütün digər “ifaçı”larının da müttəhimlər kürsüsündə əyləşəcəkləri mütləq həqiqətdir.

Dəyərli həmvətənlər, bütün tarixi uğurlarımızın kökündə dayanan siyasi sabitliyi və xalq-hakimiyyət birliyini göz bəbəyi kimi qoruyaq. Bu, zamanın tələbidir! Bu, dövlət siyasətidir!

Seçilən
34
veteninfo.az

1Mənbələr