Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin müxalifət düşərgəsinə yerləşdirdiyi “siyasi minalar” bir-bir aşkara çıxmağa başlayıb. AXCP sədri Əli Kərimlinin və ətrafına toplaşan radikal qrup üzvlərinin həbsi “demokratiya” şüarları altında gizlənənlərin, əslində, kimə və hansı xarici güclərə bağlı olduqlarını ortaya qoydu.
Vaxtilə Ramiz Mehdiyevin siyasi çətiri altına toplaşanlar artıq arxaikləşərək sıradan çıxmaq üzrədir. Bu baxımdan, Moskvanın və Ramiz Mehdiyevin birgə siyasi layihəsi hesab edilən Milli Şuranın da pərakəndə duruma düşdüyü göz önündədir. Milli Şuranın fəaliyyətinin ciddi nəticə verməyəcəyi əvvəldən məlum idi. Çünki bu qurumun kənardan, kimlərinsə sifarişi ilə yaradıldığı və idarə olunduğu aydın görünürdü.
Ona görə də digər müxalifət partiyaları Milli Şuraya maraq göstərmədilər. Rusiyanın diktəsi ilə Ramiz Mehdiyev patronluğunda formalaşdırılan Milli Şuranın missiyası digər müxalifət qüvvələrini vahid strukturda birləşdirmək, daha dəqiq desək, “5-ci kolon”un nəzarəti altına keçirmək idi. Quruma Demokratik Qüvvələrin Milli Şurası adının seçilməsi də məhz bu məqsədə xidmət edib. İllərlə Əli Kərimlinin, Cəmil Həsənlinin müxalifət düşərgəsindəki missionerlik fəaliyyəti bundan ibarət olub. Ancaq Milli Şura sifariş verildiyi kimi, “Demokratik Qüvvələrin” birliyinə çevrilə bilmədi.
İlk vaxtlardan Əli Kərimlinin Milli Şurada siyasi monopoliya yaratmaq cəhdləri, başqa partiyalara qarşı ayrı-seçkilik münasibəti, şəxsi eqoizmi Milli Şuraya marağı azaldan səbəblərdən biri oldu. Ən başlıcası isə konstruktiv müxalifət bu qurumun Rusiyanın siyasi himayəsi altında yaradıldığını bildiyindən Milli Şuraya maraq göstərmədi. Qeyd edilən səbəbdən Milli Şuranın ciddi sosial bazası da formalaşmadı. Nəinki xalq arasında, hətta müxalifət düşərgəsində belə heç bir nüfuz qazana bilməyən Milli Şura siyasi deqradasiyaya məhkum oldu.
Bu gün, faktlar açıldıqca isə tam mənada Milli Şuranın siyasi çöküşü baş verir. Səbəblər isə kifayət qədər aydındır. İlk növbədə, Milli Şuraya müxalifətin maraq göstərməməsi, daha dəqiq desək, bu qurumu boykot etməsi onun Əli Kərimli, Cəmil Həsənli və Gültəkin Hacıbəylinin özfəaliyyət klubuna çevirib. Beləliklə, siyasi proseslərdən kənarda qalan Milli Şura marginallaşaraq de-fakto fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
2019-cu ilin oktyabr ayında Milli Şuranın şəhərin mərkəzində icazəsiz aksiya keçirmək cəhdinin baş tutmaması və bir neçə gün sonra Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri vəzifəsindən çıxarılması bu süqutun ikinci mühüm səbəblərindən biridir. Mehdiyevin siyasi himayəsini itirən Milli Şura meydanda təkləndi. Çünki müxalifətin dəstəyini qazana bilməyən Milli Şuranın siyasi çağırışlarına xalq da əhəmiyyət vermirdi. Artıq 6 ildir ki, Milli Şura haqqında yalnız keçmiş zamanda danışılır.
Nəhayət, 2020-ci ildə Prezident İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusunun Ermənistanın işğalına son qoyması ölkədə proseslərin yeni mərhələsinin əsasını qoydu. Xalqın Azərbaycan Prezidentinin ətrafında birləşməsi Milli Şuranın dağılması üçün ciddi siyasi zəmin yaratmış oldu. Artıq reallıq odur ki, Ramiz Mehdiyevin, Əli Kərimlinin “müştərək MMC-si” funksiyası yerinə yetirən Milli Şuranın fəaliyyətinin qadağan olunması vacibdir.
Milli Şuranın rəhbərliyi yəqin ki, siyasi uğursuzluqlarını etiraf etməkdən çəkindikləri üçün bu addan imtina etmirlər. Əgər belədirsə, o zaman vətəndaş təşəbbüsü ilə müvafiq orqanlara müraciətlər hazırlayıb qanunvericilik qaydasında Milli Şura adının qadağan edilməsini və bu ad altında fəaliyyətin ləğvini istəmək mümkündür.
Süleyman
"Cebheinfo.az"