Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli növbəti dəfə deyib ki, Ramiz Mehdiyevlə bağlı Akademiyanın qəti mövqeyi var: "Ramiz Mehdiyevin müstəqilliyimizə və dövlətçiliyimizə qarşı etdikləri onun Akademiyanın üzvü kimi qalmasına imkan vermir. Məsələyə baxılacaq və hüquqi qiymət veriləcək".
Artıq neçənci dəfədir, bu bəyanatı akademik İsa Həbibbəylinin dilindən eşidirik. Onun bu gün jurnalistlərə verdiyi son açıqlama da ziddiyyətlərlə doludur.
Əvvəla, hələ də "Ramiz müəllim" deyir; şüuraltında bağlılıq ya hələ davam edir, ya da tam bitməyib; adam Ramiz Mehdiyev sevgisini bitirə bilmir, hiss olunur ki, çox əziyyət çəkir. Bir tərəfdən də deyir, Ramiz Mehdiyevin törətdiklərinə Akademiyada baxılacaq və hüquqi qiymət veriləcək.
Nə vaxt? İstintaq və məhkəmədən sonra baxılacaqsa, yəni Ramiz Mehdiyevin akademik titulu onun təqsiri tam sübuta yetiriləndən sonra ləğv ediləcəksə, onda İsa Həbibbəyli onun "Azərbaycanın müstəqilliyinə və dövlətçiliyinə qarşı etdikləri" ifadəsini niyə işlədir? Yox, bu addım məhkəmənin qanuni qüvvıyə minmiş hökmünü gözləmədən atılacaqsa, İsa Həbibbəyli bu işi niyə uzadır?! Anlamaq çətindir.
Belə görünür ki, MEA prezidentinin özü də hələ heç nə anlamır; kələfin ucunu itirib. Bir yandan, yəqin ki, Ramiz Mehdiyevi mümkün qədər tez bir zamanda AMEA-nın həqiqi üzvlüyündən azad edib, bu yükü boynundan açıb atmaq istəyir, o biri yandan da bununla bağlı "yuxarı"dan tapşırıq gözləyir, yəni öz təşəbbüsü ilə nəsə eləmıkdən çəkinir. Eyni zamanda, heç şübhəsiz ki, Ramiz Mehdiyevin özündən də qorxur; keçmiş "boz kardinal"ın ona hardan və necə zərbə endirəcəyini də dəqiq kəsdirə bilmir. Üstəlik ən çox qorxduğu da odur ki, adı Ramiz Mehdiyevin yaratmaq istədiyi "Dövlət Şurası" üzvlüyünə namizədlər siyahlsında çıxa. Bu isə kifayət qədər realdır. Axı İsa Həbibbəylini həmişə Ramiz Mehdiyev irəli itələyib; dişə dəyən bir elmi nəticəsi olmadığı halda, Akademiyanın birinci vitse-prezidenti vəzifəsinə qədər gətirib çıxarıb. Əslində elə onun - İsa Həbibbəylinin AMEA prezidenti olmasının özü də Ramiz Mehdiyevə görədir; çünki Ramiz Mehdiyevin AMEA-dan qovulmasını da məhz İsa Həbibbəyli həyata keçirməlidir. Bu da Ramiz Mehdiyevə verilən ən ağır cəzalardan biri olmalıdır: onu öz adamı vuracaq.
Beləliklə, indi İsa Həbibbəylinin vəziyyəti heç də Ramiz Mehdiyevinkindən asan deyil.
Seyid Əhmədli, bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.