AZ

Amasiya Rayon İcmasının yığıncağında: Heydər Əliyev irsi və gələcək fəaliyyət planları müzakirə olundu



Dekabrın 11-də Qərbi Azərbaycan İcmasının Amasiya rayonu üzrə kənd icma sədrlərinin, eləcə də digər qonaqların iştirakı ilə geniş tərkibdə yığıncağ keçirilib.
Görüşün əsas hissəsi Ümummilli Lider Heydər Əliyevin anım günü ərəfəsinə təsadüf etdiyindən, yığıncaq iştirakçıları əvvəlcə Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.


Amasiya Rayon İcmasının sədri, akademik Abel Məhərrəmov çıxış edərək, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. O, Ulu Öndərin istər sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycanın inkişafı, müasirləşməsi və beynəlxalq aləmdə mövqeyinin güclənməsi naminə gördüyü nəhəng işləri xüsusi qeyd edib. Akademik Məhərrəmov Heydər Əliyevlə bağlı maraqlı xatirələrini bölüşüb, onun Qərbi azərbaycanlıların taleyinə həmişə diqqət və qayğı ilə yanaşdığını vurğulayıb.
Yığıncağın gündəliyində icmanın cari ildəki fəaliyyətinin təhlili və bir sıra təşkilati məsələlər geniş müzakirə olunub. Müzakirələr zamanı Amasiya rayon icmasının 2025-ci ildəki uğurları və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Qərbi Azərbaycana qayıdış siyasətinin dəstəklənməsi və bu prosesdə icma üzvlərinin fəallığının artırılması zərurəti qeyd edilib.


İştirakçılar gələcək fəaliyyət planında tarixi yaddaşın qorunması, gənc nəslin maarifləndirilməsi və icmanın ictimai həyatda aktiv iştirakının gücləndirilməsi istiqamətində konkret tədbirlər müəyyənləşdiriblər.
Yığıncaqda həmçinin Ağbaba-Çıldır aşıq məktəbinin sonuncu azman aşığı, görkəmli sənətkar Aşıq İskəndər Ağbabalının 100 illik yubileyinə hazırlıq məsələsi xüsusi müzakirə mövzusu olub. Bu böyük yubileyin Qərbi Azərbaycan mədəni irsinin təbliğindəki əhəmiyyəti vurğulanıb. İcma rəhbərliyi yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi üçün görülmüş işləri müzakirə edib və geniş tədbirlər planı hazırlamaq barədə qərar qəbul olunub.
Yığıncağın sonunda qəbul edilmiş müvafiq qərarlar icmanın Qərbi Azərbaycana böyük qayıdış prosesinə öz töhfəsini vermək əzmində olduğunu bir daha nümayiş etdirib.



aia.az




Seçilən
12
aia.az

1Mənbələr