Bolqarıstan parlamenti keçirilən səsvermə nəticəsində baş nazir Rosen Jelyazkovun rəhbərlik etdiyi hökumətin istefasını qəbul edib.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, parlamentin 240 deputatından 227-si səsvermədə iştirak edib və Jelyazkov kabinetinin istefası yekdilliklə təsdiqlənib.
GERB (Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar), BSP (Bolqarıstan Sosialist Partiyası) və “Belə Bir Xalq Vardır” (ITN) partiyalarından ibarət koalisiya hökuməti təxminən 11 ay fəaliyyət göstərib. Lakin son 10 gündə ölkədə güclənən hökumət əleyhinə etirazların fonunda kabinet dünən istefa qərarı verib.
Rosen Jelyazkov açıqlamasında bildirib: “Biz cəmiyyətin gözləntilərinə uyğun davranmaq istəyirik. Hakimiyyət xalqın iradəsindən qaynaqlanır. İstefa tələbi həm gənclər, həm də yaşlılar tərəfindən səsləndirilib. Bu vətəndaş enerjisi dəstəklənməlidir”.
Konstitusiyaya əsasən, prezident Rumen Radev növbədənkənar seçkilərin tarixini elan etməzdən əvvəl hökuməti qurmaq mandatını parlamentdəki üç siyasi qüvvəyə ardıcıllıqla təqdim etməlidir. Lakin partiyaların hazırkı mövqelərinə baxıldıqda yeni koalisiya kabinetinin formalaşması real görünmür və ölkədə yaz aylarında növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ehtimal olunur.
// Gülnarə Abasova, Editor.az