AZ

Rusiya Ermənistanı köhnə "orbitinə" qaytarmaq yönündə mütamadi təşəbbüslər göstərir



“Ermənistanın baş Naziri Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlişi qərbin layihəsi idi. Rusiya təsirindən tam dəstəklənən Serj Sarkisyanın hakimiyyətdən getməsi, Nikol Paşinyanın və komandasının timsalında dövlət idarəetmə təcrübəsi olmayan, lakin qərbə yaxınlaşmaq siyasi xətti tutan komandanın hakimiyyətə gəlməsi Ermənistan üçün yeni reallıqlar yaratdı. 2020-ci ildə 44 günlük müharibə zamanı Rusiyadan arzuladıqları dəstəyi ala bilməyən Paşinyan hökuməti və cəmiyyəti ölkələrinin gələcəyinin şimal qonşularında olmadığına dair daha aydın qənaət əldə etdilər. Məhz müharibədən sonra Ermənistan cəmiyyətində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı etimadsızlıq münasibəti formalaşdı. Eyni zamanda Paşinyan hökuməti istər MDB-nin, istərsə də KTMT-nin tədbirlərində daha çox iştirak etməməyə başladı. Bununla da Ermənistanın Rusiyadan uzaqlaşması ilə Qərblə daha sıx yaxınlaşması prosesi intensiv xarakter aldı”.

Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı səsləndirib. O deyib ki, Qafqazdakı forpostunun ondan uzaqlaşması təbii olaraq Rusiyanı qane etmir və Rusiya Ermənistanı öz köhnə "orbitinə" qaytarmaq yönündə mütamadi təşəbbüslər göstərir:

“Gözləniləndir ki, seçkilər yaxınlaşdıqca müdaxilələr daha sərt və ardıcıl xarakter alacaqdır. Paşinyan hökuməti də Rusiyadan gələ biləcək təhlükəni yaxşı anlayır və bu təhdidləri minimuma endirilməsi üçün ciddi siyasi həmlələr edir. Qarabağ probleminin həlli istiqamətində gedən danışıqların arxiv materiallarının açılması məhz Rusiya tərəfindən dəstəklənən keçmiş prezidentlərin sosial bazasının zəiflədilməsinə xidmət edir. Həmçinin, Rusiyaya loyal olan kilsə rəhbərliyinin dəyişdirilməsi istiqamətində gedən işlər də gələcək seçkilərə hesablanmış radikal siyasi həmlədir”.

Elçin Ağamalı qeyd edib ki, sülh müqaviləsinin bağlanılması yolunda imzalanan ilkin sənəd ABŞ dövlətinin iştirakı və təminatı ilə həyata keçirilmişdir. Ermənistanın gələcəkdə bu sənəddən imtina etməsi və ya əks çıxması bu ölkə üçün yaxşı heç nə vəd etmir.

Süleyman
Seçilən
18
1
newscenter.az

2Mənbələr