Ümummilli Lider hər bir insanın qəlbində özünə bir abidə ucaltdı
Azərbaycan xalqının taleyində elə şəxsiyyətlər var ki, onların fəaliyyəti bir ömürlə məhdudlaşmır, nəsillərin yaddaşına çevrilir, dövlətçiliyin sütununu təşkil edir. Ulu Öndər Heydər Əliyev belə şəxsiyyətlərdən idi. O, yalnız siyasi rəhbər yox, bir epoxanın, bir ideyanın, bir milli düşüncə sisteminin yaradıcısı idi. Hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir. Otuz dörd il Azərbaycanı inkişaf yoluna çıxaran, dövlətçiliyi möhkəmləndirən, milli kimliyi formalaşdıran dahi şəxsiyyət Heydər Əliyev hər kəsə Vətəni sevməyi öyrətdi. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı hər bir azərbaycanlının həyat amalına çevrildi, yumruq kimi birliyimizi, həmrəyliyimizi şərtləndirdi. Ümummilli Lider Heydər Əliyev hər bir insanın qəlbində özünə bir abidə ucaltdı.
Ümummilli Liderin hakimiyyətinin birinci dövründə yaradılan möhkəm təməl bugünkü Azərbaycanın uğurlarında əhəmiyyətli rol oynayır. Azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı həmin dövr Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin atdığı qətiyyətli addımlar o illərdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soykökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.
1960-cı illərin sonlarında Azərbaycan SSR iqtisadi, sosial və mədəni baxımdan geridə qalmış respublikalardan idi. İdarəçilikdə xaos, sənayedə durğunluq, təhsildə geri qalma, korrupsiya, milli kadrların sıxışdırılması kimi problemlər xalqın potensialını məhdudlaşdırırdı. 1969-cu il 14 iyulda Heydər Əliyevin hakimiyyətə gəlişi bütün bu mənzərəni dəyişdi. O, sovet idarəçiliyinin sərt çərçivələri içərisində belə respublikada intizam, modern yanaşma, planlı inkişaf və xalqın maraqlarına xidmət edən siyasət həyata keçirdi. Bir neçə il ərzində yüzlərlə sənaye müəssisəsi istifadəyə verildi, energetika sistemi gücləndi, Sumqayıt, Gəncə, Mingəçevir kimi şəhərlər sənaye mərkəzlərinə çevrildi. Azərbaycan SSR-in ümumi iqtisadi göstəriciləri keçmiş İttifaqda ən yüksək templərdən biri kimi diqqətdə oldu. Bu inkişafın ən dəyərli tərəfi isə Ulu Öndər Heydər Əliyevin milli kadrların hazırlanmasına, təhsilin, elmin, mədəniyyətin inkişafına verdiyi önəm idi. Minlərlə gənc İttifaqın aparıcı təhsil müəssisələrinə göndərilir, respublikanın ziyalı potensialı gücləndirilirdi. Azərbaycan mədəniyyəti, ədəbiyyatı, teatrı və tarixi şəxsiyyətləri Ümummilli Lider Heydər Əliyevin təşəbbüsləri ilə böyük diqqət qazanırdı. Hüseyn Cavidin, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın yaradıcılığına verilən dəyər milli özünüdərk hissini gücləndirir, Azərbaycançılıq ideologiyası sovet sistemində belə yaşam imkanı tapırdı.
1982-ci ildə Ümummilli Lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olundu. Bir azərbaycanlı ilk dəfə olaraq bu səviyyəyə yüksəlirdi. O, İttifaqın nəhəng təsərrüfat kompleksinə rəhbərlik edərək iqtisadi, nəqliyyat və sənaye inkişafına ciddi töhfələr verdi. Bu illər onun idarəçilik bacarığının bütün SSRİ miqyasında qəbul edildiyi dövr idi. Ulu Öndər Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail oldu.
Lakin Qarabağ məsələsinin təməli qoyulduqda onun prinsipial mövqeyi Moskvanın müəyyən dairələrini narahat etdiyi üçün siyasi səhnədən kənarlaşdırıldı. O, buna rəğmən Azərbaycanın milli maraqlarından geri çəkilmədi və 20 Yanvar faciəsindən sonra Moskvada SSRİ rəhbərliyini açıq tənqid etməklə böyük siyasi cəsarət nümayiş etdirdi.
Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsində görülən işlər, qəbul edilən qərarlar, irəli sürülən təşəbbüslər də müstəqil Azərbaycanın davamlı uğurlarında öz sözünü dedi. Belə ki, Azərbaycan Bayrağının Naxçıvanda rəsmi şəkildə qaldırılması məhz onun iradəsinin nəticəsi idi. Naxçıvanın müdafiəsi, muxtar respublikanın qorunması, xalqın əzminin saxlanması bu dövrün tarixi xidmətləri idi.
Qeyd etdiyimiz kimi, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Bakıya qayıtdı. Ölkə vətəndaş müharibəsi həddində idi. Qısa müddətdə o, dövlət institutlarını bərpa etdi, silahlı dəstələrin qarşısını aldı, ordu quruculuğunu yenidən başladı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanı iqtisadi inkişaf yoluna çıxaran tarixi dönüş nöqtəsi oldu. Bu müqavilə sayəsində Azərbaycanın neft-qaz ehtiyatları dünya iqtisadi sisteminə inteqrasiya olundu, ölkəyə milyardlarla sərmayə cəlb edildi, beynəlxalq enerji layihələrinin əsası qoyuldu.
Onun yürütdüyü balanslaşdırılmış xarici siyasət Azərbaycanı böyük dövlətlərin etibarlı tərəfdaşına çevirdi. Azərbaycan həm Rusiya, həm ABŞ, həm Avropa İttifaqı, həm Türkiyə ilə səmərəli əməkdaşlıq qurdu. Bu siyasət sayəsində ölkənin geosiyasi mövqeyi möhkəmləndi, regionda liderliyə gedən yol açıldı.
Ordunun yenidən qurulması, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadi sabitlik, sosial siyasət, bütün bunlar Ümummilli Lider Heydər Əliyevin 1993-2003-cü illərdə həyata keçirdiyi strateji xəttin nəticəsi idi. Bu illərdə formalaşan dövlət quruluşu Azərbaycanı gələcəyin güclü ölkəsinə çevirmək üçün möhkəm təməl yaratdı. Onun ideoloji mirası olan Azərbaycançılıq müstəqil dövlətin milli kimliyini müəyyən edən əsas dəyər oldu.
Bu gün, dekabrın 12-də Azərbaycan xalqı yalnız böyük Lideri xatırlamır, onun yaratdığı məktəbin böyüklüyünü, davamlılığını və gələcəyə hesablanmış strateji düşüncəsini yenidən dərk edir. Ulu Öndər Heydər Əliyevin ömrü bir siyasi bioqrafiya yox, bir xalqın yenidən dirçəliş tarixidir. Onun fəaliyyəti Azərbaycan üçün təkcə keçmiş deyil, həm də gələcəyə aparan yol xəritəsidir. Dövlətçilik düşüncəsi, idarəçilik mədəniyyəti, milli ideologiyası bu gün də yaşayır, inkişaf edir və müasir Azərbaycanın uğurlarının əsasını təşkil edir.
Azərbaycan bu gün beynəlxalq arenada nüfuzlu bir dövlət kimi tanınırsa, bunun başlanğıcı Ümummilli Lider Heydər Əliyevin qurduğu təməllərdədir. Bu gün ölkənin yolları, sənaye müəssisələri, enerji layihələri, diplomatik uğurları, ordu gücü, bütün bunların hamısı Onun ideyalarının davamı, onun məktəbinin nəticəsidir. O, sadəcə Azərbaycanın Lideri deyildi, dövlətçilik fəlsəfəsinin, milli iradənin, xalqın öz gücünə inamının müəllifi idi.
Bu gün dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad edən Azərbaycan xalqı Onun yaratdığı məktəbdən güc alır. Ulu Öndərin zəngin irsi xalqımızın milli sərvətidir. Dünənimizin, bu günümüzün və gələcəyimizin əsası kimi dəyərləndirilən Heydər Əliyev ideyalarının uğurla həyata keçirilməsi Azərbaycana Zəfərlər qazandırır. Son 22 ilin uğurlarının zirvəsində dayanan tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası Heydər Əliyev siyasətinin təntənəsidir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir. Bu gün Azərbaycan Bayrağı Xankəndidə, Şuşada, Xocalıda, Ağdərədə, Xocavənddə, Cəbrayılda, işğaldan azad edilən bütün torpaqlarımızda qürurla dalğalanır. Qarabağımız, Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir. Soydaşlarımızın bu torpaqlara mərhələ-mərhələ qayıdışı tariximizin qürurverici səhifələrindəndir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşadan, Cıdır düzündən xalqa müraciətində səsləndirdiyi bu fikirləri xatırlatmaq istərdik: “Bu gün bir şeyə kədərlənirəm ki, atam bu günü görə bilməyib. Ancaq bilirəm ki, onun ruhu şaddır. Necə ki, Vətən həsrəti ilə yaşamış və həyatdan getmiş, azad edilmiş bu torpaqları görməyən minlərlə, on minlərlə məcburi köçkünlərin ruhu şaddır, şəhidlərimizin ruhu şaddır. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qanını aldıq və əcdadlarımızın ruhunu şad etdik.” Dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd etmişdir ki, necə böyük inamla, necə böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq. O, özü inanırdı, bizi də inandırırdı. Bizə də onun inamı, xalqın iradəsi əlavə güc verdi və bu gün biz buradayıq, bu müqəddəs torpaqdayıq. Bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq.
Yengibar Əliyev
ARETN-nin akademik Y.H.Məmmədəliyev
adına Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri