AZ

Uşaqlar dərs yükünün altında əzilir, valideynlər çaşır, müəllimlər yorulur... İbtidai təhsildə nə baş verir?

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Aşağı siniflərdə dərs yükünün artması, tədris materiallarının yaş səviyyəsinə uyğun olmaması və uşaqların hazır olmadan mürəkkəb mövzulara keçməsi hazırda valideyn və müəllimlərin ən çox narazılıq etdiyi məsələlərdən biridir. Xüsusilə 2-ci sinifdə hələ vurma cədvəlini tam mənimsəməyən uşaqların bölmə əməli ilə tanış edilməsinə başlanması onların riyazi təfəkkür ardıcıllığını pozur, mövzuların qavranmasını çətinləşdirir və öyrənməyə marağı azaldır. Riyaziyyatın mərhələli və məntiqi şəkildə tədris edilməsi vacib olduğu halda dərsliklərdəki mövzuların ardıcıllığının pozulması həm şagirdləri, həm də tədris prosesinə rəhbərlik edən müəllimləri çaşqın vəziyyətə salır.

Valideynlər övladlarına kömək edərkən, müəllimlər isə dərsi izah edərkən əlavə vaxt və izah tələb olunduğunu bildirirlər. Bir çox tapşırıqlar ikinci sinif şagirdinin idrak səviyyəsindən yüksəkdir, mətnlərdəki izahlar bəzən mürəkkəb, tələsik hazırlanmış və yaş xüsusiyyətlərinə uyğun olmayan şəkildə təqdim olunur. Bu isə dərsliklərin sanki ibtidai siniflər üçün deyil, daha yuxarı yaş qrupu üçün yazıldığını göstərir. Azərbaycan dilinin, riyaziyyatın və digər fənlərin dərsliklərindəki metodiki uyğunsuzluqlar təhsil prosesinin keyfiyyətinə mənfi təsir edir, uşaqlarda gərginlik və yorğunluq yaradır, tədrisi praktik deyil, mexaniki əzbərlənməyə çevirir. Belə şəraitdə valideynlər və müəllimlər arasındakı narazılığın artması təəccüblü deyil. Onlar haqlı olaraq sual edirlər ki, “Təhsil Nazirliyi hara baxır?”. Mövcud vəziyyət dərsliklərin daha ciddi ekspertiza olunmasını, yeni məzmun hazırlanarkən psixoloqların, metodistlərin və ibtidai sinif müəllimlərinin fikirlərinin nəzərə alınmasını, beynəlxalq təcrübənin öyrənilməsini və pilot məktəblərdə sınaqdan keçirilmədən dərsliklərin kütləvi şəkildə tətbiq edilməməsini tələb edir. Əslində ibtidai təhsil uşağın sonrakı bütün təhsil həyatının təməlidir və bu təməl çürük olarsa, növbəti mərhələlərdə yaranan çətinliklər qaçılmazdır.

Bu səbəbdən dərsliklərin yaş uyğunluğu, tapşırıqların çətinlik dərəcəsi, mövzuların ardıcıllığı və tədris metodikası yenidən nəzərdən keçirilməlidir. Təhsil sistemi yalnız proqram yazanların deyil, təhsil alan uşaqların real imkanlarına uyğun qurulduqda inkişaf edə bilər. İbtidai sinif şagirdinə ağır, anlaşılmaz və yaşına uyğun olmayan bilik yükləmək təhsili keyfiyyətli etmir əksinə, uşaqların öyrənməyə münasibətini zəiflədir və təməldən problemlər yaradır. Bu məsələyə məsul qurumların biganə qalmaması, real vəziyyəti nəzərdən keçirməsi və təkmilləşmə istiqamətində addımlar atması təhsilin gələcəyi üçün vacibdir.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
bizimyol.info

1Mənbələr