Türkiyədə Cumhuriyyət Xalq Partiyası (CHP) daxilində gərginlik yenidən yüksəlir. CHP daxilində uzun müddətdir davam edən narazılıqlar fonunda Kamal Kılıçdaroğlunun yeni partiya qurmağa hazırlaşması ilə bağlı iddialar siyasi gündəmi yenidən hərəkətləndirib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kılıçdaroğlunun belə bir addım atacağı təqdirdə10-25 millət vəkilinin kütləvi şəkildə istefa verərək onun yanında yer alması mümkündür.
Bu ehtimal CHP rəhbərliyi ilə müxalif qanad arasında gərginliyi daha da artırıb. CHP rəhbərliyinin tənqidlərə qarşı intizam mexanizmini tez-tez işə salması, həmçinin korrupsiya iddialarında adı hallanan bəzi şəxslərin “sorğusuz müdafiə olunması” iddiası partiya içində narazılığı pik həddə çatdırıb.
39-cu Qurultaydan sonra təsiri zəifləyən müxalifət qanadı hesab edir ki, mövcud idarəetmə üslubu dəyişməzsə, yeni siyasi struktur qaçılmaz olacaq.
Məlumata görə, Kılıçdaroğluna yeni partiya yaratmaq çağırışı həm keçmiş təşkilat rəhbərləri, həm də bir sıra millət vəkilləri arasında geniş yayılıb. Kılıçdaroğlunun isə hazırda “mütləq etibarsızlıq” işi üzrə apelyasiya prosesini izlədiyi, qərarını bu prosesin nəticəsindən sonra verə biləcəyi deyilir.