“Hər il olduğu kimi, bu il də hotellərdə doluluq səviyyəsi pik həddə çatıb. Hazırda Yeni il üçün bölgələrə olan tur paketləri demək olar ki, tükənib”.
Bu sözləri “Yeni Sabah”a turizm eksperti Rəhman Quliyev deyib.
Onun sözlərinə görə, yaranan sıxlıq fonunda qiymətlərin artması başadüşüləndir:
“Çünki tətil günlərində həm dövlət idarələri, həm də özəl sektor kütləvi şəkildə tətilə çıxır və regionlara üz tutur. Üstəlik, nəzərə alaq ki, quru sərhədlər bağlıdır, yəni bu amil də vəziyyətə təsir göstərir. Amma pandemiyadan əvvəl Yeni il ərəfəsində regionlara, həm də Rusiya, və Gürcüstana kütləvi turist axını olurdu.
Əlbəttə, hazırkı vəziyyət müsbət haldır, çünki regionlarda daxili turizmin canlanması müşahidə olunur”.
R. Quliyev bildirib ki, gələcəkdə regionlarda axın qiymət artımının qarşısını qismən ala bilər:
“Azərbaycanın cənub bölgəsində qiymətlər nisbətən aşağıdır, tələbat azdır. Yerli turistlərimiz xüsusən qar istəyi ilə şimal rayonları – Quba, Qusar, Qax, Zaqatala, Balakən, habelə Şuşa, Xankəndi istiqamətini seçirlər. Xüsusən, ailəli, uşaqlı turistlər qış tətilini qar olan yerlərdə keçirmək istəyir. Ona görə də həmin istiqamətlərə tələbat daha çoxdur”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız