
İnsanların böyük bir qismi “yox demək”də çətinlik çəkir və bu çətinlik, adətən, təsadüfi yaranmır. Bu faktor insan həyatının böyük bir qisminə təsir edərək, qərarlar və istəklərin reallaşmasına maneə törədir. Uşaqlıq dövründə formalaşan münasibətlər, valideyn davranışları və ailə içi dinamika insanın gələcəkdə sərhədlər qoyma bacarığına birbaşa təsir edir. Uşaq öz fikrinin dəyərli olmadığını hiss edərək böyüyürsə, yetişkinlik dövründə də başqalarını incitməmək üçün öz ehtiyaclarını ikinci plana atmağa meyilli olur.
Bu barədə psixoloq Nabat Mirzəyeva Missiya.Az-a danışıb.
"Əgər bir uşaqda tərk edilmə qorxusu varsa, uşaqlıq dövründə daim tənqid, təhqir və sözünün dəyərsizləşdirilməsi ilə böyüyübsə, fikrini ifadə etdiyi anda qarşısı alınıbsa, sözsüz ki, bu, onun gələcəkdə “yox deməkdə” çətinlik çəkməsinə səbəb olur. Məsələn, ailədə konfliktlər çox olarsa, uşaq böyüdükcə belə bir düşüncə formalaşır: “Mən fikrimi ifadə etməyim, çünki danışanda mübahisə yaranacaq.” Eyni şəkildə, uşağa hər dəfə “sən sakit dur”, “danışma”, “qarışma” deyildikdə, o, artıq fikrini ifadə etməyi təhlükə kimi qəbul edir. Bu qəbildən yaşantılar illər keçdikcə “yox demək” bacarığını daha da zəiflədir. Hətta insan mübarizə aparsa belə, bu vərdişi dəyişmək çox uzun zaman tələb edir. Bundan başqa, belə insanlar “yox desəm, məni pis insan hesab edərlər” kimi daxili qorxular yaşayırlar. Bu da onları mükəmməllik axtarışına, yəni perfeksionizmə yönəldir. “Yox” dedikdə, qarşı tərəfin onları yanlış qiymətləndirəcəyindən, yaxşı insan kimi görməyəcəyindən narahat olurlar",-psixoloq qeyd edib.
Psixoloqun sözlərinə görə, “yox” deyə bilməmək insanın şəxsi sərhədlərini zəiflədir. İnsan artıq qarşısındakı şəxsə öz fikrini rahatlıqla ifadə edə bilmir və bunu etdikdə “pis görünəcəyi” düşüncəsi yaranır. Nəticədə insan öz ehtiyaclarını ikinci plana atır, başqalarının ehtiyaclarını önə çıxarır. Bu isə zamanla başqalarına sərhədləri pozmağa imkan yaradır — həm incitmək, həm yönləndirmək, həm də emosional təsir göstərmək daha asan olur. Uzun müddət “yox” deyə bilməmək xroniki yorğunluğa gətirib çıxarır. Stress artır, özünə dəyər azalır, özgüvənsizlik yaranır. Daxildə yaşanan mübarizə, xaricdə isə həmişə güclü görünməyə çalışma insanı tükəndirir. Bu vəziyyət depressiya, özünə inamsızlıq və emosional yorğunluq riskini yüksəldir. Sonunda belə bir hiss yaranır: “Mən hər kəsə yaxşılıq etdim, amma heç kim qədrimi bilmədi. Mənim fədakarlığımı görən olmadı.
"Yox deməyi birdən-birə yaratmaq mümkün deyil — bu, kiçik addımlarla formalaşır. İlk öncə kiçik situasiyalarda “yox” deməyi məşq edin.
Məsələn: “Bu dəfəlik qatıla bilməyəcəm, çünki görüləcək işlərim var. Gələn dəfə çalışaram.” Bundan başqa cavab verməzdən əvvəl zaman istəyin.
“İndi cavab verməyim, bir az düşünüb deyim” kimi ifadələr sizə düşünmək üçün vaxt verir və avtomatik “bəli” deməyin qarşısını alır. Güzgü qarşısında məşq edin. Sakit tonla, göz kontaktı saxlaya-saqlaya “yox” deməyi özünüzlə təkrar edin. Bu, həm özünəinamı, həm də ifadə bacarığını gücləndirir. Ən əsası empatiya ilə sərhəd qoymağı öyrənin. Məsələn: “Səni anlayıram, amma bu dəfə bunu edə bilməyəcəm. Başqa nə ilə kömək edə bilərəm?”
Bu kimi kiçik və davamlı məşqlər zamanla sərhədlərinizi möhkəmləndirir və “yox demək” daha təbii bir davranışa çevrilir",- N.Mirzəyeva əlavə edib.İlahə Qənbərli
Missiya.Az