Bakı, 12 dekabr, AZƏRTAC
Əmlakın icbari sığortası və borcalanın həyat sığortası məhsullarını bank kanalları vasitəsilə əldə edənlər üstünlük təşkil edir.
Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.
“Əmlakın icbari sığortası sorğuda iştirak edən respondentlərin 32,7 faizinə, borcalanın həyat sığortası isə sorğu iştirakçının 50 faizinə bank xidməti alan zaman təklif olunub. Respondentlərin 54,2 faizi avtomobilin icbari sığortasından, 53,2 faizi tibbi sığortadan, 26,4 faizi borcalanın həyat sığortasından, 24,1 faizi əmlakın icbari sığortasından, 6,5 faizi Əmlakın könüllü sığortasından, 6 faizi isə kasko sığortasından istifadə edir.
Qeyd edək ki, məlumat Azərbaycan Sığortaçılar Assosiasiyası, ASA Tədris Mərkəzi və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə əməkdaşlığı ilə aparılan “Bank sığortaçılığının cari vəziyyətinin qiymətləndirilməsi” mövzusuna həsr olunmuş tədqiqat işi çərçivəsində təşkil olunmuş sorğu nəticəsində məlum olub.