AZ

Əhalinin dərmanlara xərclədiyi pulun həcmi kəskin artdı: Nə baş verir?

"2025-ci ilin yanvar-noyabr aylarında apteklərdə 1 milyard 424.1 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. Satış həcmi satış 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən 24.3% artıb. Yəni, 2025-ci ilin ilk 11 ayında, keçən ilin eyni dövrünə görə vətəndaşlar dərmanlara, 300 mln. manat daha çox xərcləyiblər.

Yaxşı, 25%-ə yaxın artım orqanik deyil, deməli, dərmanların həcmi yox, qiyməti kəskin artıb. Dərman qiymətlərinin hər il artmasının əsas səbəbi hökumətin təsis etdiyi Tarif Şurasının mənasız, məzmunsuz, ziyanlı tənzimləmə siyasətidir".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, dərman sahəsində qiymətlərin təzimləməsi Tarif Şurasına tapşırılan gündən bu günə, ölkədə qiymətlər artır, dərmanların keyfiyyəti isə sürətlə düşür: " Çünki, Tarif Şurasının yanaşması ancaq inhisarçılara xeyir verən, xalqı heçə sayan, qiymətləri qaldıran, keyfiyyəti aşağı salan yanaşma və metodologiyadır.

Bu iş Tarif Şurasına tapşırılandan sonra ölkədə 200-dən çox dərman gətirib-satan şirkət bağlanıb, rəqabət məhv olub, ancaq bəzi məmurlara, deputatlara bağlı iri şirkətlərin marağına uyğun qərarlar alınıb. Nəticə olaraq da, qiymətlər hər ay qalxır – bunu görməmək mümkün deyil, hökumət görmürsə, deməli, görmək istəmir".

N.Cəfərli dərmanlara tətbiq olunan ƏDV-nin ləğvindən danışdı: "Bundan başqa, illər öncə hökumətə təklif verdik ki, dərman satışında ƏDV-ni ya ləğv edin, ya da, hesabatlılıq üçün sizə lazımdırsa, simvolik olaraq 2%-ə endirin. ƏDV ləğv olunsa dərman qiymətlərində azı 15% ucuzlaşma olacaq, pararlel olaraq da Tarif Şurasının bu mənasız səlahiyyəti ləğv edilib, rəqabət mühiti yenidən təsis edilsə, qiymətlər daha 15-20% enəcək, yəni, bu gün 10 manata olan dərmanı vətəndaş 6 manata ala biləcək.

Eşitmirlər, görmürlər, dinləmirlər. Özü də ki, ölkə dərman istehsal etmir, 93-94% idxal edirik, xaricdə dərman istehsal edən şirkət zülm çəkir, investisiya qoyur, istehsal təşkil edir, dövriyyədən 10-15% qazananda sevinir.Bizim tənbəl hökumət isə heç nə etmədən xaricdə istehsal edilən dərmandan satışda 18% qazanmaq istəyir – özü də bilir ki, istənilən vergi və rüsumun son ödəyicisi vətəndaşdır". 

Nigar,

Sitat.info

Seçilən
28
2
sitat.info

3Mənbələr