AZ

Gələcəyə aparan yaddaş Əkbər Qoşalı yazır

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

12 dekabr Azərbaycan üçün sıradan bir təqvim günü olmaqdan daha üstün - bu tarix çağdaş Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşduğu gündür. Zaman keçdikcə bu günün mahiyyəti nə azalır, nə də köhnəlir - əksinə, dövlətçilik təcrübəmiz dərinləşdikcə Heydər Əliyev irsinin miqyası və güncəlliyi daha aydın görünür.

Heydər Əliyev fenomeni bir siyasi lider obrazı olmaqla yanaşı, dövlət düşüncəsinin sistemləşdirilməsi, milli iradənin institutlaşması və xalq–hakimiyyət münasibətlərinin tarixi məsuliyyət üzərində qurulması modelidir.

O, xaosdan dövlət, parçalanmadan sistem, qeyri-müəyyənlikdən strateji yol xəritəsi yaratdı. Bu gün Azərbaycan bölgənin sabitlik və təşəbbüs mərkəzi kimi çıxış edirsə, bunun kökündə Heydər Əliyevin qurduğu idarəetmə fəlsəfəsi dayanır.

Elə bu il - “Konstitusiya və Suverenlik İli”ndə həyata keçirilən dövlət proqramları, institusional islahatlar, idarəetmədə çeviklik və milli maraqlara söykənən qərarvermə mexanizmləri bir daha göstərir ki, Heydər Əliyev irsi keçmişdə qalmış siyasi miras deyil — işlək, canlı və yönverici sistemdir.

Ümummilli Lider milli kimliyi romantik şüarlardan üstün — mədəniyyət, dil, tarix və təhsil üzərindən möhkəmləndirirdi. Onun baxışında mədəniyyət dövlət siyasətinin əlavə sahəsi yox, ideoloji dayağı idi.

Bu gün Azərbaycanın mədəni siyasətində — azad edilmiş ərazilərdə mədəni həyatın bərpasında, milli yaddaşın yenidən qurulmasında, beynəlxalq mədəni platformlarda artan fəallıqda — Heydər Əliyevin “milli olanı qlobal dildə ifadə etmək” xətti aydın sezilir.

44 günlük savaşdan, özəlliklə də, antiterror əməliyyatından sonrakı dönəmdə formalaşan yeni gerçəkliklər bir daha sübut etdi ki, Heydər Əliyevin dövlətçilik konsepti yalnız barış dönəmi üçün deyil, tarixi dönüş mərhələləri üçün də nəzərdə tutulmuş strateji modeldir.

Ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycan bu gün bölgə və beynəlxalq miqyasda məsuliyyətli aktor kimi çıxış edir. Bu mövqenin ideoloji kökləri isə məhz Heydər Əliyevin güclü dövlət və ləyaqətli xalq prinsipinə dayanır.

Bəli, 12 dekabr təkcə xatırlama günü deyil, həm də siyasi, mənəvi və vətəndaş məsuliyyətinin yenidən dərk edildiyi gündür. Heydər Əliyevi anmaq onun ideyalarını sadalamaqla yox, həmin ideyaları yaşatmaqla mümkündür.

Bu gün dövlətə xidmət anlayışı, milli maraqlara sədaqət, peşəkarlıq və siyasi mədəniyyət meyarları hələ də Heydər Əliyevin qoyduğu ölçülərlə dəyərləndirilir.

Əgər bir liderin irsi dövlətin tarixində yaddaş kimi yaşayırsa, o yaddaş həm keçmişə bağlayan, həm gələcəyə aparan yaddaş kimi dəyərləndirilməkidir.

Dövlətimiz zaval görməsin!

Bakıvaxtı.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
bakivaxti.az

1Mənbələr