ain.az, Ses qazeti saytına istinadən bildirir.
Dünyanın enerji təhlükəsizliyinin təminatından bəhs edərkən ilk olaraq Azərbaycanın rolu önə çəkilir. Bu, ondan irəli gəlir ki, ölkəmiz malik olduğu enerji resurslarından səmərəli istifadə etməklə reallığa çevirdiyi enerji layihələri ilə dövlətləri, xalqları bir araya gətirir, dünyaya əməkdaşlıq, dostluq mesajlarını çatdırır. Əməkdaşlığın regional çərçivədən başlayaraq illər keçdikcə coğrafiyasının genişlənməsi də bunun bariz nümunəsidir.
Dövlət başçısı İlham Əliyevin bu günlərdə Slovakiyaya rəsmi səfərində də əməkdaşlıqda iqtisadi amil, xüsusilə enerji sektoru diqqətdə oldu. Prezident İlham Əliyev bildirdi ki, Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışlar. Bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir və o sənədin imzalanmasından sonra biz bütün istiqamətlər üzrə çox fəal əməkdaşlığı görürük: “Siz artıq bizim ikitərəfli gündəliyimizlə bağlı geniş məlumat verdiniz. Sadəcə olaraq, əlavə etmək istərdim ki, qeyd etdiyiniz bütün istiqamətlər üzrə bizim müştərək komandalarımız fəal işləyir. Birgə iqtisadi işçi qrup öz fəaliyyətini genişləndirir. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər”.
Prezident İlham Əliyev vurğuladı ki, zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır. Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur.
Azərbaycan üçün Avropa İttifaqı artıq uzun illərdir əsas ticarət tərəfdaşıdır və son illərdə bu əlaqələr əhəmiyyətli dərəcədə dərinləşib. Enerji, ticarət və investisiya sahələrində Azərbaycan-Aİ əməkdaşlığı isə yalnız iqtisadi fayda gətirmir, həm də geostrateji əhəmiyyət kəsb edir. Yalnız ötən il Azərbaycan Aİ ölkələrinə 12,9 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da enerji təhlükəsizliyində Azərbaycanın rolunu gücləndirir. Ölkəmizin xüsusilə Cənub Qaz Dəhlizi (TANAP, TAP) vasitəsilə qaz tədarükü Avropanın enerji şaxələndirilməsi baxımından vacib alternativ mənbə hesab olunur. Bu ixrac yalnız iqtisadi göstərici deyil, həm də Avropanın enerji bazarlarında Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir.
Səfər şərçivəsində Prezidentlərin mətbuata bəyanatlarında Peter Pelleqrini vurğuladı ki, Azərbaycan Slovakiyada aparıcı rol oynaya bilər. Söhbət bizim enerji təchizatının şaxələndirilməsindən gedir. Biz, əlbəttə, bilməliyik ki, uzunmüddətli perspektivdə Azərbaycan bizim üçün strateji tərəfdaş ola bilər. Bizim heyətlər danışıqları davam etdirəcəklər ki, bu, Slovakiya üçün də məqbul bir anlaşma olsun və biz də Azərbaycanın resurslarından istifadə edə bilək.
Atılan hər bir addım Avropanın ölkəmizə marağını ifadə edir. Azərbaycana inamın və etimadın əsasında, etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti əsas rol oynayır. Cənab İlham Əliyev böyük inamla qeyd edir ki, Avrasiyanın enerji xəritəsini yenidən cızırıq.
Ümumilikdə Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə yönəlmiş addım kimi qiymətləndirilir. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə hədəflənib. Slovakiya Prezidenti bu əminliyi diqqətə çatdırdı ki, səfər əməkdaşlığımızda yeni, mühüm səhifə olacaq.
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.