AZ

Məlahət Qurbanova : “Ulu Öndərin balanslaşdırılmış siyasəti sayəsində Azərbaycan bütün qlobal aktorlarla stabil tərəfdaşlıq münasibətləri qurdu”



“Ulu Öndər Heydər Əliyevin 12 dekabr anım günü Azərbaycan tarixində yalnız bir dahi şəxsiyyətin xatırlanması deyil, həm də milli dövlətçiliyimizin yenidən doğuluşunun anılması deməkdir. XX əsrin sonlarında Azərbaycanın üzləşdiyi xaos, siyasi böhran, separatizm və iqtisadi tənəzzül fonunda Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkə üçün taleyüklü dönüş yaratdı. Ulu Öndərin müəyyən etdiyi dövlət idarəetmə modeli milli maraqlar üzərində qurulan siyasi sabitlik, hüquq sisteminin bərpası və hakimiyyət institutlarının gücləndirilməsi kimi fundamental istiqamətləri özündə birləşdirirdi. Dövlətin hər bir strukturunun fəaliyyətinin koordinasiyalı şəkildə təşkil edilməsi, müasir idarəçilik mədəniyyətinin tətbiqi Azərbaycana yeni nəfəs verdi.”

Bu sözləri aia.az-a açıqlamasında "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri, iş adamı, xeyriyyəçi Məlahət Qurbanova deyib

Fikirlərini davam etdirən Məlahət Qurbanova bildirib ki, Ulu Öndər Heydər Əliyevin yeni idarəetmə fəlsəfəsi 1993–2003-cü illərdə ölkədə sabitlik yaratdı, cəmiyyətin bütün sahələrində nizamlı inkişafın əsasını qoydu: “Müstəqilliyimizin ilk illərində davamlı olaraq baş verən və 1993-cü ilin yayında pik nöqtəsinə çatan hadisələr nəticəsində ölkəmizin varlığını hədəfə almış təhdidlərin həyata keçirilməsi prosesi artıq başlanmışdı. İstənilən an müstəqil Azərbaycan dövləti dünyanın siyasi xəritəsində öz yerini birdəfəlik itirə bilərdi. Ölkədə vətəndaş müharibəsi demək olar ki, başlamaq üzrə idi. Məhz belə bir böhran məqamında xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və böyük xilaskarlıq missiyasını öz üzərinə götürdü. Xalq Heydər Əliyevə sevgisini öz dahi rəhbərinin ətrafında sıx birləşməklə göstərdi. Ümummilli Lider Heydər Əliyevin apardığı hüquqi islahatlar Konstitusiyanın qəbuluna, siyasi sistemin institusional əsaslar üzrə formalaşmasına və dövlət-vətəndaş münasibətlərində etimad mühitinin yaranmasına gətirdi. Bununla yanaşı, Ulu Öndərin siyasi uzaqgörənliyi Azərbaycanın təhlükəsizliyinin möhkəmlənməsini, ordu quruculuğunun başlanmasını və beynəlxalq arenada ölkənin müstəqil mövqeyini təmin etdi. Müstəqil Azərbaycanın xarakterini müəyyən edən amillər məhz bu sabitlik və dövlətçilik fəlsəfəsi oldu. Bu gün müasir və güclü Azərbaycanın əsas siyasi dayaqları olan sabitlik, inkişaf, iqtisadi güc, diplomatik balans və milli həmrəylik prinsipləri Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursdan qaynaqlanır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət də məhz bu təməl üzərində yüksələrək ölkəmizi Cənubi Qafqazın lider dövlətinə çevirib. Ulu Öndərin irsi dövlətçilik məktəbi olaraq yaşayır və 12 dekabrda xalqımız öz xilaskar oğlunun yalnız tarixi xidmətlərini deyil, həm də bugünkü güclü Azərbaycanın müəllifini ehtiramla yad edir” – deyə, Məlahət Qurbanova fikirlərini tamamlayıb.



Seçilən
9
aia.az

1Mənbələr