Sabiq məmurun oğlu yarım milyondan artıq pul mənimsəməkdə ittiham olunur
Vətəndaşların külli miqdarda pulunu ələ keçirərək mənimsəməkdə təqsirləndirilən Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəməsi başlayıb.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən barədə seçilmiş həbs olmayan qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə araşdırmasına verilməsi ilə bağlı qərar qəbul edilib.
Xatırladaq ki, Zamiq Xankişiyev 3 nəfərin 500 min manatdan artıq pulunu ələ keçirməkdə ittiham olunur.
Şirkət rəhbəri zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən istintaqa cəlb olunub. Z.Xankişiyev əvvəl həbs edilsə də, sonradan ziyanın bir hissəsini ödədiyi üçün barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.
Z.Xankişiyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxs "Azərbaycan Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış Fəyyaz Xankişiyevin oğludur.
aia.az