AZ

Hökumət “uzaqvuran topları” işə salır

Baş nazir hərbi-sənaye klasterinin yaradılması barədə mühüm anons verdi – Azərbaycan silahları beynəlxalq arenada…

“Azərbaycanda hərbi-sənaye klasterinin yaradılması istiqamətində işlər aparılır ki, bu da ölkənin ixrac potensialının artmasına töhfə verəcək”. 

Bunu baş nazir Əli Əsədov Milli Məclisin son iclasında çıxışı zamanı deyib. Hökumət başçısı vurğulayıb ki, ölkənin təhlükəsizlik və müdafiə potensialının gücləndirilməsi dövlət xərclərinin əsas istiqamətidir. Gələn ilin dövlət büdcəsi layihəsində müdafiə və milli təhlükəsizlik xərcləri bütün büdcə xərclərinin təxminən 21 faizini – 8,7 milyard manat təşkil edir. Ə.Əsədov Azərbaycanın hərbi sənayesinin sürətlə inkişaf etdiyini, uzun illərdir ki, bu sahəyə mühüm investisiyaların yatırıldığını qeyd edib. “Bu gün Azərbaycan bir sıra ölkələrə hərbi təyinatlı məhsullar ixrac edir. Prezident İlham Əliyev həm daxili tələbatı, həm də ixrac potensialını ödəyən sənaye klasterinin yaradılmasını qarşıya məqsəd qoyub. Artıq bu istiqamətdə işlər aparılır”, – baş nazir bildirib. Yəni hökumət 2026-cı il hədəfləri sırasında olan “uzaqvuran topları” işə salır.

Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağında da bildirmişdi ki, Azərbaycanda hərbi-sənaye sürətlə inkişaf edir və artıq uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır, bu sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti təkmilləşir: “Eyni zamanda bu yaxınlarda biz bu sahəni özəl sektor üçün də açmışıq. Çünki bu istiqamətdə ən böyük uğurlar əldə etmiş ölkələrdə hərbi təyinatlı məhsullar məhz özəl şirkətlər tərəfindən istehsal olunur. Ona görə biz də burada lisenziyaları verməklə özəl sektoru cəlb etmişik. Hələlik bu proses icra mərhələsindədir, amma yəqin ki, yaxın gələcəkdə bir çox Azərbaycan şirkətləri artıq dünya səviyyəli keyfiyyətli hərbi təyinatlı məhsullar istehsal edəcəklər”.

İ.Əliyevin sözlərinə görə, dövlət xətti ilə bu istiqamətdə işlər aparılır və biz öz hərbi imkanlarımızı artıq böyük dərəcədə yerli istehsal hesabına genişləndiririk, öz tələbatımızı böyük dərəcədə ödəyirik: “Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik və qarşıya vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün bizdə bu istiqamətdə çox ciddi sənaye klasteri yaradılsın. Çünki bu, çox gəlirli sahədir”.

Maraqlıdır, ekspertlər hərbi sənayenin ixrac perspektivlərini necə dəyərləndirir? Azərbaycan silahları dünya bazarında yer tuta bilərmi? Bu silahlar hansılardır?

Ramil

Ramil Məmmədli

Hərbi təhlilçi Ramil Məmmədlinin sözlərinə görə, bugünlərdə Misirə səfər edib və bu ərəb ölkəsində keçirilən beynəlxalq sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin stendi ilə tanış olub: “Bu, Afrikada ən böyük tədbir idi. Azərbaycan pavilyonuna da ciddi maraq varıydı. Ümumiyyətlə, dünyada müdafiə sənayesi sahəsində ciddi rəqabət gedir. Azərbaycan özünün istehsalı olan atıcı silahlar, snayperlər, mərmilər, müasir texnologiya məhsulları ilə burada iştirak edirdi. Bundan əvvəl də Dubayda keçirilən sərgidə ölkəmizi Müdafiə Nazirliyinin “MİRAS” hərbi sənaye şirkəti təmsil edirdi. Deməliyəm ki, bu gün daha çox rəqəmsal texnologiyalar əsasında hazırlanan avadanlıqlara, texnologiyalara üstünlük verilir. Artıq müdafiə sənayemiz Azərbaycan Ordusunu atıcı silahlarla, sursatlarla, pilotsuz uçuş aparatları, kəşfiyyat müşahidə və kamikadze uçuş aparatları ilə təchiz edir. Təbii ki, bu istiqamətdə strateji tərəfdaşlıq məqamları xüsusi qeyd olunmalıdır. Yəni Azərbaycanın dost ölkələrlə həyata keçirdiyi layihələr bu gün müdafiə sənayesi kompleksinin inkişafına və gələcəkdə potensialın daha da genişlənməsinə təkan verir. Azərbaycanın istehsal potensialı daha da genişlənir, bu istiqamətdə ciddi addımlar atılır. Təbii ki, burada peşəkar ixtisaslı kadrların biliklərindən, təcrübəsindən istifadə olunur. Bir sözlə, bu gün Azərbaycan Ordusunun silah, texnika imkanlarının gücləndirilməsi istiqamətində addımlar milli istehsalın stimullaşdırılması ilə paralel həyata keçirilir”.

Onun fikrincə, bu istiqamətdə inkişaf etmək üçün potensial var, amma görüləcək iş də çoxdur. Ekspertin sözlərinə görə, Azərbaycan Türkiyə, Rusiya, İsrail, Belarus kimi ölkələrin istehsal təcrübəsindən yararlana bilər. Ekspert onu da qeyd edib ki, Ukrayna da Azərbaycana bu yöndə dəstək vermək imkanına sahibdir: “Çünki müharibə şəraitində olan ölkə dron istehsal edir. Azərbaycanın hərbi təyinatlı məhsullar istehsal etməsi üçün nəhəng işlər görülməli, xarici şirkətlər ölkəyə dəvət olunmalıdır”.

R.Məmmədli yada salıb ki, Zəfərin 5 illiyinə həsr olunmuş hərbi paradda Azərbaycan həm özünün istehsalı olan məhsulları, həm də satın alınan, yəni müasir müdafiə sənayesi şirkətlərindən, müasir texnologiyalara malik ölkələrin ordularının istifadə etdiyi texnologiyaları nümayiş etdirib: “Məsələn, Azərbaycanın istehsalı olan, xüsusi təyinatlı əməliyyat üçün nəzərdə tutulan “Vaşaq” avtomobili, Türkiyə istehsalı olan “Kobra 2″ zirehli texnikasını göstərmək olar. “Kobra 2” iki təyinatlı zirehli transportyordur. Həm tibbi təxliyə, həm də döyüş əməliyyatlarının aparılması baxımından vacibdir. Digər diqqəti çəkən məqamlardan biri Azərbaycan müdafiə sənayesi kompleksinin modernləşdirdiyi və “Vikinq” adlandırılan hava hücumundan müdafiə sistemidir. Bu, zenit hava hücumundan müdafiə kompleksinin bazası əsasında yenilənmiş texnologiyadır və aşağı hündürlükdə uçan hədəfləri məhv etmək üçün nəzərdə tutulur. Əlbəttə ki, Çinlə başlanan hərbi əməkdaşlığı da xüsusi qeyd etmək lazımdır. Çin istehsalı olan “HQ9BE” sistemi uzunmənzilli hava hücumundan müdafiəni təqdim edir. Eləcə də Rusiya istehsalı olan “S 300″ün analoqu olsa da, artıq yenilənmiş bir modeldir. Çin bunun üzərində ciddi işləyib, bir çox yenilənmələr edilib. Bu, aşağı hündürlükdə uçan hədəfləri, pilotsuz uçuş aparatlarını aşkar edən və onun zərərsizləşdirilməsi üçün əməliyyat tapşırığını həyata keçirə bilən bir sistemdir. Artıq müasir döyüş təyyarələri də aşağı hündürlükdə uçuş, manevr imkanlarına malikdir. Yəni bu sənaye inkişafdadır və gələcəyi görünməkdədir”.

Seçilən
13
editor.az

1Mənbələr