AZ

Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində müstəsna xidmətlər göstərib

Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş anım günü tədbiri keçirilib

Bakı, 12 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.

Bu barədə AZƏRTAC-a Fizika İnstitutundan məlumat verilib.

İnstitutun baş direktoru akademik Arif Həşimov çıxışında bildirib ki, dekabrın 12-də xalqımız Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edir, dövlətçilik tariximizdə qoyduğu misilsiz izləri böyük qürurla xatırlayır. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadiyyatın inkişafında, ordu quruculuğunda, milli-mənəvi dəyərlərin qorunmasında müstəsna xidmətlər göstərmiş böyük şəxsiyyət idi. Onun uzaqgörən siyasəti, qətiyyətli liderliyi və xalqına olan sarsılmaz sevgisi bu gün də dövlətçiliyimizin əsas ideoloji dayaqlarından biridir.

Akademik çıxışında Ulu Öndərin Azərbaycana hakimiyyətə qayıtmasından, Naxçıvandakı fəaliyyətindən, xalqın ona etimadından söhbət açıb. Akademik Arif Həşimov Naxçıvanın blokadası dövründə Heydər Əliyevin siyasi tədbirlər görməsindən və ilk dəfə Azərbaycan bayrağının Ulu Öndərin uğurlu siyasəti nəticəsində Naxçıvanda dalğalandığını bildirib.

İnstitutun baş direktoru Azərbaycan müstəqillik əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin respublikanın yenidən qurulması, iqtisadiyyatın dirçəldilməsi istiqamətində gördüyü işlərdən, “Əsrin müqaviləsi”ndən bəhs edib. Bütün bunların məntiqi davamı olaraq Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, ordumuzun qəhrəmanlığı nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad olunduğunu vurğulayıb.

Alim, həmçinin Ümummilli Lider Heydər Əliyevin Fizika İnstitutuna ziyarətlərindən söhbət açıb.

Sonra fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva, akademik Nazim Məmmədov, texnika elmləri doktoru Əli Məmmədov, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, fizika üzrə fəlsəfə doktorları Zaur Süleymanov və elmi işçi Bayram Xudayarov Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini bölüşüblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat yolu və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Sonda Ümummilli Liderin Heydər Əliyevin keçən əsrdə Fizika İnstitutuna gəlişini əks etdirən xatirə lövhəsinin hazırlanmasını və vurulmasını tədbir iştirakçıları məqsədə uyğun hesab ediblər.

Seçilən
63
azertag.az

1Mənbələr