Suriyada devrilmiş Əsəd rejiminin fəaliyyəti ilə bağlı təəccüblü detallar ortaya çıxmağa davam edir. "AFP" portalına danışan suriyalı mənbələr ilk dəfə olaraq Əsədin ən böyük dəstəkçisi olan İranın Suriyadan necə tələsik çəkildiyini izah ediblər.
Publika.az xəbər verir ki, mənbələrin sözlərinə görə, Suriyada vətəndaş müharibəsi zamanı bir çox suriyalı zabit İran İnqilab Keşikçilərinin komandanlığına verilib.
Keçmiş suriyalı zabit bildirib ki, ötən il dekabrın 5-də iranlı rəisi onu "vacib bir məsələni" müzakirə etmək üçün əməliyyat bölgəsinə çağırıb. O bildirib ki, sözügedən görüşdə 20 suriyalı zabit iştirak edib.
Mənbə komandirin onlara "Bu gündən etibarən İran İnqilab Keşikçiləri Suriyadan çıxır. Hər şey bitdi. Gələcəkdə sizin üçün məsuliyyət daşımırıq" dediyini qeyd edib. Mənbə əlavə olaraq bildirib ki, komandirin əsgərlərə verdiyi son əmr həssas sənədləri və kompüter disklərini məhv etmək olub.
