AZ

“Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin taleyində dönüş nöqtəsi oldu” - ŞƏRH EDİLDİ

"12 dekabr Azərbaycan xalqı üçün təkcə bir anım günü deyil, həm də müasir dövlətçiliyimizin qurulmasında müstəsna payı olan Heydər Əliyevin həyat və fəaliyyətinə dərin hörmətin ifadəsidir. Bu gün Ulu Öndərin şəxsiyyəti, siyasi irsi və Azərbaycan üçün gördüyü genişmiqyaslı işlər daha aydın dərk olunur. XX əsrin sonlarında Azərbaycan ən ağır günlərini yaşayarkən Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin taleyində dönüş nöqtəsi oldu". Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, siyasi xaos, parçalanma təhlükəsi və hərbi böhran şəraitində onun rəhbərliyi ilə ölkədə sabitlik bərpa olundu, dövlətçilik sütunları möhkəmləndirildi, hüquqi dövlət quruculuğunun təməli qoyuldu, nizami ordu formalaşdırılmağa başlandı:

"Bu proses dövlətin dağılmaq təhlükəsindən qurtulmasına və inkişaf xəttinə çıxmasına şərait yaratdı. Heydər Əliyevin siyasi irsinin mühüm hissəsini Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi təşkil edirdi. Onun təşəbbüsü ilə1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı və ölkənin enerji resursları dünya bazarına çıxarıldı, neft gəlirlərinin idarə olunması üçün Azərbaycan Dövlət Neft Fondu yaradıldı, uzunmüddətli iqtisadi strategiya formalaşdı, ölkə beynəlxalq enerji xəritəsində mühüm aktora çevrildi, regionların inkişaf proqramları hazırlanaraq sosial-iqtisadi tərəqqiyə təkan verildi. Müasir Azərbaycanın iqtisadi sisteminin əsasını təşkil edın bu addımlar ölkənin gələcək inkişafına geniş imkanlar açdı.

Heydər Əliyev yaxşı bilirdi ki, dövlətin gücü yalnız iqtisadiyyatla ölçülmür. Onun siyasətində insan kapitalının inkişafı daim prioritet idi - bunun üçün onun rəhbərliyi ilə təhsil islahatları gücləndirildi, xaricdə təhsil alan gənclərə geniş imkanlar açıldı, mədəni irsin qorunması və təbliği üzrə dövlət proqramları həyata keçirildi, idman və gənclər siyasəti inkişaf etdirildi, beynəlxalq arenada Azərbaycanın mövqeyi möhkəmləndi. Bu istiqamətlər ölkənin gələcək nəsillərinin daha hazırlıqlı və dünyagörüşlü yetişməsinə şərait yaratdı.

Heydər Əliyevin xarici siyasəti ölkənin müstəqil və balanslı mövqeyinin formalaşmasına səbəb oldu. Onun səyləri nəticəsində Azərbaycan regionda etibarlı tərəfdaşa çevrildi, beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndi, dünya dövlətləri ilə siyasi, iqtisadi və humanitar əlaqələr gücləndirildi. Bu siyasət Azərbaycanın təhlükəsizliyinə, iqtisadi tərəfdaşlıqlarına və beynəlxalq nüfuzuna ciddi töhfə verdi.

Onu bizdən ayıran 12 dekabr 2003-cü il tarixindən 22 il ötür. Bu 22 ildə çox böyük bir inkişaf yolu keçmişik. Ulu Öndərin siyasi, fiziki, mənəvi varisi, onun xalqı və ölkəsi üçün yolgöstərənə çevrilən ideyalarının və ideallarının davamçısı Prezident İlham Əliyev bizlərə ölçüyəgəlməz Uğurlar, Zəfərlər qazandırdı.

Bu gün Qalib xalqıq, Zəfər çalmışıq. Bütün uğurlarımızın, zəfərlərimizin müəllifi olan Xilaskar Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkürlərimiz sonsuzdur. Təməlində Ulu Öndər Heydər Əliyev prinsiplərinin dayandığı, möhtərəm Prezidentimizlə birlikdə getdiyimiz uğur və zəfər yolunda Tanrı yar və yardımçımız olsun. Anım Günündə dahi Heydər Əliyevi bir daha dərin ehtiramla xatırlayır, ruhu qarşısında baş əyirik".

Müəllif: Arzu Qurbanlı
Seçilən
21
1
sia.az

2Mənbələr