AZ

Politico: Trampın keçmiş müşaviri Lukoil-in aktiv satışında məsləhətçi kimi çıxış edir

Brian Lanza şirkətin xaricdəki 22 milyard dollarlıq aktiv paketi üçün alıcı axtarır...

ABŞ prezidenti Donald Trampın 2024-cü il seçki kampaniyasındakı baş müşavirlərindən biri olan Brayn Lanza Lukoil-in beynəlxalq bölməsinə məsləhətçi qismində cəlb olunub.

Poliqon xəbər verir ki, Politico nəşrinin məlumatına görə, Lanza rusiyalı neft nəhənginin xaricdə yerləşən aktivlərinin satışı üçün potensial investorlar axtarmaqda şirkətə yardım edir.

Məsələyə bələd iki mənbə bildirir ki, Lanza və onunla əlaqəli Mercury Public Affairs şirkəti bu proseslə bağlı ABŞ hökuməti ilə koordinasiya aparır. Politico-nun həmsöhbətlərindən biri qeyd edib ki, məhz Lanza Lukoil-in aktiv satışına dair son tarix üçün ABŞ Maliyyə Nazirliyindən möhlət əldə etməsində mühüm rol oynayıb. Xatırladaq ki, dekabrın 10-da ABŞ Maliyyə Nazirliyi Lukoil-in xarici aktivlərinin satışı ilə bağlı lisenziyanın müddətini gələn ilin 17 yanvarınadək uzadıb.

Politico yazır ki, Lanza aktivlərin ABŞ investisiya bankı Xtellus Partners-ə satılması variantı üzərində də işləyir. Reuters-in məlumatına görə, bank Lukoil-in beynəlxalq aktivlərinin əsas alıcı namizədlərindən biridir. Lanza şirkətlə bu istiqamətdə bir neçə həftə əvvəl işləməyə başlayıb.

Qeyd edək ki, oktyabr ayında ABŞ Maliyyə Nazirliyi Lukoil, “Rosneft” və onların törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar ABŞ-dakı bütün aktivlərin dondurulmasını və amerikalı qurumların bu şirkətlərlə əməkdaşlığını qadağan edir. Bunun ardınca LUKOIL xaricdəki aktivlərinin satışına dair rəsmi axtarış prosesinə start verib.

Şirkətin satışa çıxarmağı planlaşdırdığı aktivlərə Yaxın Şərq, Mərkəzi Asiya, Afrika və Latın Amerikasında neft-qaz hasilatı layihələri, Bolqarıstan, Rumıniya və Niderlanddakı emal zavodları, ABŞ, Finlandiya, Rumıniya və Moldovadakı yanacaqdoldurma məntəqələri, həmçinin beynəlxalq treydinq əməliyyatları daxildir. Bu portfel ümumilikdə 22 milyard dollar dəyərində qiymətləndirilir.

Poliqon.info

Seçilən
29
poliqon.info

1Mənbələr