Suraxanı Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Cabir Hacılının (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ünsüyyət Mirzəyevanı sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilib, barəsində olan cinayət təqibinə xitam verilib.
İttihama görə, hadisə 5 noyabr 2025-ci il tarixdə, saat 20:30 radələrində paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Cabir Hacılı sərxoş vəziyyətdə yaşadığı mənzilə qayıtdıqda birlikdə qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı, zərərçəkmiş Vəsilə Babayeva (adı, soyadı şərtidir) ilə mübahisə edib. Buna səbəb qadının Cabirin sərxoş vəziyyətdə evə gəlməsinə etiraz etməsi olub. Qadın təkidlə ərinə evi tərk etməsini tələb edib. Mübahisə zamanı təqsirləndirilən şəxs əvvəlcə əli ilə zərərçəkmişin bədəninin müxtəlif nahiyələrinə vurub, daha sonra isə mətbəxdən götürdüyü bıçaqla Vəsilənin sol qol nahiyəsinə bir dəfə zərbə endirib. Nəticədə qadın sol said nahiyəsinin kəsilmiş yarası, başın sol gicgah nahiyəsində sıyrıq və sol bazu nahiyəsində qançır xəsarətləri alıb.
Hadisədən sonra Cabir Hacılı saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmə iclasında zərərçəkmiş şəxs təqsirləndirilənlə barışdığını, dəymiş ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirib. Bu səbəbdən, məhkəmədən iş üzrə icraata xitam verilməsi xahiş olunub.
Kamal Məmmədov