AZ

Azərbaycanın taleyini dəyişən lider - Heydər Əliyevin dövlətçilik fəlsəfəsi

Azərbaycan xalqı tərəfindən böyük ehtiramla yad edilən Ümummilli Lider Heydər Əliyevin anım günü sadəcə tarixi şəxsiyyətə hörmətin ifadəsi deyil, həm də müasir Azərbaycan dövlətinin üzərində dayanmış siyasi, ideoloji və milli dəyərlərin yenidən dərk olunması baxımından mühüm əhəmiyyət kəsb edir.


Heydər Əliyevin fəaliyyəti sübut edir ki, əsl liderlik yalnız idarə etmək bacarığı deyil, həm də xalqın taleyinə və dövlətin gələcəyinə məsuliyyətlə yanaşan mənəvi iradə, strateji düşüncə və qətiyyət tələb edən böyük tarixi missiyadır. Heydər Əliyevin həyat yolu və dövlətçilik fəlsəfəsi Azərbaycan tarixində unikallıq təşkil edir.

Heydər Əliyevin Naxçıvan kimi qədim mədəni irsə malik bir mühitdə böyüməsi, ailədən aldığı mənəvi tərbiyə və milli kimlik duyğusu onun dövlətçilik dünyagörüşünün təməlini formalaşdırıb, xalqın tarixi yaddaşına bağlılığı isə onu son dərəcə milli dəyərlərə sədaqətli şəxsiyyət kimi yetişdirib. Dövlət təhlükəsizlik orqanlarında uzun illər ərzində çalışması ona böyük analitik düşüncə, operativ qərarvermə, risklərin qiymətləndirilməsi və mürəkkəb prosesləri idarə etmək kimi bacarıqlar qazandırıb. Bu bacarıqlar daha sonra onun Azərbaycan rəhbərliyinə gəldiyi dövrdə həyata keçirdiyi strateji tədbirlərdə özünün tam ifadəsini tapıb.

Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməsi ilə ölkənin inkişaf tarixində dönüş baş verdi. Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan ittifaqın tərkibində geridə qalmış respublikalardan biri olmaqdan çıxaraq sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və sosial sahələr üzrə sürətli tərəqqi yoluna qədəm qoydu. Yeni sənaye müəssisələri yaradıldı, xüsusilə neft-kimya sənayesi genişləndirildi, kənd təsərrüfatı sahəsində struktur islahatları aparıldı, milli kadr hazırlığına xüsusi önəm verildi.

Bu dövr respublikanın iqtisadi gücünün artması ilə yanaşı, xalqın özünə inamının yüksəlməsi və milli kimlik şüurunun formalaşması baxımından da mühüm mərhələ oldu. Heydər Əliyevin təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almağa göndərildi və həmin kadrlar sonradan müstəqillik illərində dövlət quruculuğunun aparıcı qüvvəsinə çevrildi.

1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması fonunda Azərbaycan ağır siyasi böhran, hakimiyyət boşluğu, separatizm təhlükəsi və iqtisadi tənəzzül girdabında idi. Belə bir çətin anda Heydər Əliyevin yenidən siyasi səhnəyə qayıtması xalqın istəyi ilə baş verdi və onun Naxçıvan dövründə göstərdiyi tarixi xidmətlər müstəqillik ideyasının real siyasi məzmuna çevrilməsində həlledici rol oynadı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə 1990-cı ildə rəsmi dövlət orqanı olan Naxçıvan Ali Məclisinin inzibati binasında qaldırıldı. Bu addım hələ SSRİ tam dağılmamış Azərbaycan xalqının müstəqillik iradəsini ifadə edən misilsiz siyasi cəsarət aktı idi. Bundan əlavə, Naxçıvan Ali Məclisinin qəbul etdiyi qərarla muxtar respublikada Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və bu, Azərbaycan siyasi tarixində prinsipial dönüş nöqtəsi oldu.

1990-cı il 20 Yanvar hadisələrinə Heydər Əliyevin Moskvadakı kəskin siyasi etirazı böyük tarixi əhəmiyyətə malikdir. O, SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı faciəni sərt şəkildə pislədi və hadisəni insanlığa qarşı cinayət kimi qiymətləndirdi. Bu çıxış həmin dövrdə həyati təhlükə ilə müşayiət olunsa da, Heydər Əliyev həyatının bütün mərhələlərində olduğu kimi, yenə də xalqının yanında oldu və tarixi həqiqətin müdafiəçisi kimi çıxış etdi.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası ilə nəticələndi. Vətəndaş qarşıdurması, silahlı toqquşmalar və separatizm dalğası qarşısında duran ölkə məhv olmaq təhlükəsi yaşayırdı. 1993-cü ilin iyun ayına qədər ölkəmizdə baş verən hadisələr bir daha Ümummilli Lider Heydər Əliyevin belə bir fikrini təsdiq edir ki, "müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir". Məhz bu çətin və şərəfli missiyanı öz üzərinə götürən Heydər Əliyev atdığı qətiyyətli və cəsarətli addımlarla Azərbaycanı dağılmaqdan, məhv olmaqdan xilas etdi və onun yaşamasını təmin etdi. Bu missiya Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri idi.

Heydər Əliyev qısa müddətdə ölkədə siyasi sabitlik yaratdı, dövlət institutlarını bərpa etdi, ordu quruculuğuna başladı və Azərbaycanı dağılmaqdan xilas etdi. 1994-cü ildə atəşkəsin elan olunması onun müharibə strategiyasında xüsusi mərhələ idi, bu addım müstəqil dövlət quruculuğu, iqtisadi islahatlar və ordunun inkişafı üçün zəruri siyasi sabitliyi təmin etdi.

Heydər Əliyevin insan hüquqlarına həssas münasibətinin ən önəmli nümunələrindən biri ölüm hökmünə moratoriumun tətbiqi, daha sonra isə tam ləğvidir. Bu addım Azərbaycanın humanist hüquq sisteminə keçidinin təməl prinsiplərindən birinə çevrildi. Onun rəhbərliyi ilə aparılan siyasi fəaliyyət Azərbaycanın hüquqi dövlət kimi formalaşmasının ideoloji əsaslarını yaratdı.

Heydər Əliyevin iqtisadi sahədə həyata keçirdiyi ən böyük tarixi addım 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” oldu. Bu müqavilə Azərbaycanın iqtisadi inkişaf modelinə tamamilə yeni nəfəs gətirdi, ölkəyə milyardlarla sərmayə axınını təmin etdi. Eyni zamanda Bakı-Tibilisi-Ceyhan neft boru kəmərinin əsasının qoyulması Azərbaycan neftinin dünya bazarına çıxarılmasında əvəz edilməz rola malik oldu. Bununla da Azərbaycanı qlobal enerji xəritəsində önəmli aktora çevirdi və uzunmüddətli sosial-iqtisadi inkişafın başlanğıcını qoydu. Dövlət Neft Fondunun yaradılması isə neft gəlirlərinin şəffaf və məqsədyönlü şəkildə idarə edilməsinə, gələcək nəsillər üçün strateji ehtiyat fondunun formalaşmasına imkan verdi.

Heydər Əliyevin siyasi-ideoloji irsinin təməlini təşkil edən Azərbaycançılıq ideyası milli birliyi, tarixi yaddaşı və dövlətçilik ənənələrini bir araya gətirərək modern milli identiklik modelini yaratdı. Tolerantlıq və multikulturalizm fəlsəfəsi isə Azərbaycanı dünyada nümunəvi çoxmədəniyyətli cəmiyyət kimi tanıtdı. Güclü dövlət konsepsiyası təhlükəsizlik, idarəçilik və sosial rifah sahələrinin inkişafını təmin edən strateji prinsip kimi bu gün də ölkənin siyasi xəttinin əsasını təşkil edir.

Ulu Öndərin sosial, mədəni və təhsil sahələrində apardığı islahatlar Azərbaycanın intellektual həyatına yeni dinamika gətirdi. Təhsilin inkişafı, mədəniyyət müəssisələrinin bərpası, incəsənətin dünyada tanıdılması və diaspor siyasətinin başlanması müstəqil dövlətin ideoloji və mənəvi dayaqlarını gücləndirdi.

2003-cü ildə "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir" - deyən Heydər Əliyevin siyasi xətti Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Heydər Əliyevin ideyalarının, siyasi xəttinin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısında duran ən ümdə vəzifələri uğurla yerinə yetirdi, özünün çoxəsrlik dövlətçilik tarixində ən böyük nailiyyətləri qazandı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq enerji layihələrinin aparıcı iştirakçısına çevrildi, qeyri-neft sektoru genişləndi, sənaye parkları və rəqəmsal iqtisadiyyat formalaşdırıldı, sosial rifah yüksəldi. Məhz Prezident İlham Əliyevin xüsusi diqqəti ilə Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi və 2020-ci il Vətən müharibəsində Böyük Tarixi Qələbə qazandı, ölkənin ərazi bütövlüyü bərpa olundu.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını işğaldan azad edən, suverenliyini tam bərpa edən və bu gün tarixdə heç bir zaman olmadığı qədər güclü və qüdrətli olan və davamlı inkişaf edən Azərbaycan Heydər Əliyevin xatirəsinə olan hörmətimizin ən gözəl nümunəsi, Heydər Əliyev ideyalarının təntənəsidir.

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi humanitar missiya Heydər Əliyev irsinin mənəvi təməlini daha da zənginləşdirir. Heydər Əliyev Fondunun təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət və beynəlxalq əməkdaşlıq sahələrində həyata keçirdiyi layihələr Azərbaycanın humanitar nüfuzunu dünyada artırır.

Bütün bunlar bir daha göstərir ki, Ümummilli Lider Heydər Əliyevin irsi yalnız keçmişin parlaq səhifəsi deyil, həm də müasir Azərbaycan dövlətinin siyasi, hüquqi, iqtisadi və mənəvi prinsiplərini müəyyən edən canlı və inkişaf edən ideologiyadır. Onun qurduğu dövlətçilik modeli bu gün daha da möhkəmlənir, modernləşir və Azərbaycanın regional və qlobal miqyasda nüfuzunu artırır. Heydər Əliyevin adı Azərbaycan tarixində əbədi yaşayacaq və onun irsi gələcək nəsillər üçün milli inkişafın ən güclü istiqamətvericisi olaraq qalacaqdır.

Vasif Qafarov

Milli Məclisin deputatı

 

Seçilən
40
3
manset.az

10Mənbələr