AZ

DÜNYA İLƏ ƏLAQƏLƏRİMİZ MÖHKƏMLƏNİR

Hər bir ölkənin qarşısında duran əsas məsələlərdən biri onun dünya birliyinə inteqrasiyası, region  ölkələri və digər dövlətlərlə, eləcə də  beynəlxalq  təşkilatlarla  əməkdaşlığı  inkişaf etdirməkdir. Təbii ki, bu məsələləri həll edən hər hansı bir dövlət istər-istəməz beynəlxalq aləmdə nüfuz sahibi olur və həmin ölkələrlə normal münasibət yaradır. Heç kimə sirr deyil ki, Azərbaycan da müstəqillik dövrünə qədəm qoyandan sonra  ilk növbədə bu vəzifələri prioritet vəzifələrdən hesab edib.  Yəni Azərbaycan hesab edir ki, onun nüfuz və gücünün artırılması üçün ilk növbədə  iqtisadi inkişaf  lazımdır. Bu iqtisadi inkişafı  isə əldə etmək bir o qədər də asan olmayıb. Ən azından ona görə ki, ölkəmiz müstəqillik dövrünə qədəm qoyanda çox böyük problemlər və çətinliklər  içərisində olub. Bir tərəfdən ərazimizin 20 faizinin işğal olunması, digər tərəfdən də iqtisadiyyatdakı zəiflik heç şübhəsiz, bu məsələlərin həllində bir o qədər də asan iş deyildi. 

Amma onu qeyd edək ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra sanki Azərbaycanda yeni bir  günəş doğdu. Və zaman-zaman bu günəşin işığına xalqımız çox sevindi. Çünki  xalqımız gördü ki, uzun müddət  problemlər və çətinliklər içində yaşayan ölkəmiz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində dirçəliş yoluna qədəm qoydu. Əlbəttə, ölkənin ərazi bütövlüyünün təmin olunması, iqtisadi inkişafının yüksəldilməsi və eləcə də  dünyanın diqqətinin Azərbaycana cəlb edilməsi mühüm məsələlərdən biri idi. Ulu Öndər Heydər Əliyev  Azərbaycanın dünya birliyinə  inteqrasiya olunmasına böyük təkan verdi. Artıq xarici dövlətlər gördülər ki, uzun müddət davam edən müharibə Heydər Əliyevin hakimiyyəti dövründə atəşkəslə nəticələndi. Təbii ki, bu,  sabitliyin və əmin-amanlığın yaranmasına əsas təkan verirdi. Ulu Öndərin də əsas məqsədi ondan ibarət idi ki, mövcud problemlər və o cümlədən  Azərbaycanın digər ölkələrdən iqtisadi asılılığı aradan qaldırılsın.

Bax, «Əsrin müqaviləsi» demək olar ki, Azərbaycanı  dünyaya tanıtdırdı və ən böyük güclü dövlətlərin  ölkəmizə marağını daha da artırdı. Çünki dünyanın inkişaf etmiş ölkələri  çox yaxşı bilirdilər ki, Azərbaycan zəngin neft və qaz yataqlarına, eləcə də digər təbii resurslara malikdir. İkincisi də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə birmənalı olaraq sabitlik və əmin-amanlıq mövcud olmuşdur. Belə durumda heç şübhəsiz, ölkəmizə investisiya qoymaq, sərmayə yatırmaq böyük dövlətlərin marağındaydı. Bu marağa görə də dünyanın nəhəng dövlətləri – ABŞ, İngiltərə, Rusiya, Türkiyə, İtaliya, Bolqarıstan, Macarıstan, Çex, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistan, eləcə də digər dövlətlər zaman-zaman Azərbaycanın  neft-qaz sektoruna, eləcə də digər sahələrinə yatırımlar etdilər. 

Bu yatırımları edən hər bir ölkə öncə onu düşünürdü ki, maya dəyərlərini nə vaxt əldə edəcəklər? Çünki onlar bir çox ölkələrdə yatırımlar etsələr də bir müddətdən sonra gəlir əldə edə bilməmişdilər və qoyduqları investisiyalar da məhv olmuşdu. 

Əlbəttə, hər hansı bir sahəyə milyonlarla, milyardlarla dollar vəsait qoyan ölkə heç şübhəsiz, bir neçə ildən sonra onun bəhrəsini görmək istəyir. Bax, ölkəmizə yatırım edən  adını çəkdiyimiz dövlətlər də  çox yox, bir neçə ildən sonra qoyduqları investisiyanın bəhrəsini  görməyə başladılar. 

Azərbaycan həmişə qonşu dövlətlərlə isti münasibət yaratmağa  can atıb. Düzdür, onlar bizə bir o qədər isti münasibət bəsləməsə də, amma müəyyən zaman kəsiyindən sonra görüblər ki, böyük layihələrdən geri qalmaq Azərbaycan iqtisadiyyatına yox, həmin ölkələrin iqtisadiyyatına ziyan gətirir. Buna görə qonşu İran da, Gürcüstan da, Rusiya da Azərbaycanda həyata keçirilən beynəlxalq səviyyəli  böyük layihələrdə iştirak etməyə başladı. Azərbaycanın dünyaya sürətlə inteqrasiya  olunması tək müsəlman dövlətlərinin deyil, digər böyük dövlətlərin də maraq dairəsində idi. 

Dünyanın nəhəng dövlətlərindən olan Çin Xalq Respublikası böyük layihələrdə iştirak etməyə başladı. Bakıda, Sumqayıtda, Gəncədə bir çox fabrik və zavodların tikintisinə həmin dövlət böyük vəsait ayırdı. Dediyimiz kimi həmin vəsaitin ayrılması da bir müddətdən sonra müsbət nəticələr verdi. Yəni Azərbaycan iqtisadiyyatına, yüngül və ağır sənayesinə xeyir gətirdiyi kimi, Çinin iqtisadiyyatına da mənfəət verdi. 

Ölkəmizin ən böyük layihələrində qardaş Türkiyə və Səudiyyə Ərəbistanı çox yaxından iştirak ediblər və edirlər də. Çünki  hər iki müsəlman dövləti bizimlə qardaşdır və ən ağır, çətin günümüzdə yanımızda olub. Heç şübhəsiz, ərazi bütövlüyümüzün təmin olunmasında və ölkəmizin beynəlxalq təşkilatlarda təmsil edilməsində bu iki ölkənin bizə həmişə böyük dəstəyi olub. Həm BMT-də, həm də digər mötəbər qurumlarda onlar ölkəmizə dayaq olaraq lazımi köməklikləri göstəriblər. 

Bu gün çox böyük fərəhlə deyə bilərik ki, Azərbaycan prezidenti  İlham Əliyev hakimiyyətdə olduğu 21 il ərzində dünya  Azərbaycanı yenidən tanıdı. Yəni dünya tanıdı ki, gənc olmasına baxmayaraq, Azərbaycan prezidenti İlham Əliyev çox müdrik və uzaqgörən siyasət həyata keçirir və bütün ölkələrlə, o cümlədən qonşu ölkələrlə mehriban münasibətlər qurmaq istəyir. Üstəlik də prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa olundu və heç bir siyasi problem qalmadı. Yəni Azərbaycan dünyanın ən sabit və ən təhlükəsiz bir regionu olaraq  inkişaf edir.
Son illər isə ölkəmizin Orta Asiya  respublikaları ilə – Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Taciskistanla isti münasibətləri onu deməyə əsas verir ki, Azərbaycan özü də bu ölkələrə investisiya qoymaqla yanaşı, həmin dövlətlər də bizim ölkəyə sərmayələr yatırıb. 

Bir sözlə, Azərbaycanın dünyaya  sürətlə inteqrasiya olması, ABŞ prezidenti Donald Trampın Azərbaycan-Ermənistan  arasında sülh yaratması onu deməyə əsas verir ki, yaxın gələcəkdə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Avropanı Asiyayla birləşdirən bu dəhliz bütün ölkələrə xeyir gətirəcək və eyni zamanda ölkəmizdə həmişə sülh və əmin-amanlıq bərqərar olub və olacaq.

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Seçilən
36
1
adalet.az

2Mənbələr