
Yaponiyanın şimal-şərqində yerləşən atom elektrik stansiyalarında Aomori prefekturası sahillərində baş verən 6,7 maqnitudalı zəlzələdən sonra heç bir nasazlıq qeydə alınmayıb.
AFN.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Operator şirkət TEPCO-dan bildirilib ki, Aomoridəki “Higashidori” və Miyigidəki “Onagava” AES-lərində vəziyyət stabildir. Hər iki stansiya 2011-ci ilin martında “Fukuşima-1”-də baş verən qəza sonrası dayandırılıb. “Onagava”nın ikinci enerji bloku 2024-cü ildə yenidən işə salınıb.
Aomorinin Rokkasho qəsəbəsində yerləşən nüvə tullantılarının emalı müəssisəsində də hər hansı fövqəladə hal qeydə alınmayıb.
Zəlzələ Aomori prefekturasının şimal-şərq sahillərində baş verib. Yaponiyanın Milli Meteorologiya Agentliyi 1 metrə qədər tsunami təhlükəsi barədə xəbərdarlıq edib. Xəbərdarlıq Miyagi, İvatə, Aomori və Hokkaydounun cənub-şərq sahillərinə aiddir.
Qeyd edək ki, 8 dekabrda həmin bölgədə 7,5 maqnitudalı zəlzələ olmuş, sahilə 70 sm hündürlüyündə tsunami çırpılmışdı. Təxminən 40 nəfər xəsarət almış, sismoloqlar güclü təkanların davam edə biləcəyi barədə xəbərdarlıq etmişdi.