Ağ Ev müharibənin dayandırılması üçün zəmanət paketini açar element hesab edir...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukraynaya təhlükəsizlik zəmanətlərinin təqdim olunmasına hazır olduqlarını bəyan edib və bunun münaqişənin dayandırılması üçün “xüsusi əhəmiyyət daşıyan faktor” olduğunu vurğulayıb.
Tramp bildirib ki, həm Rusiya, həm də Ukrayna ilə razılaşmaya çox yaxın olunduğu məqamlar olub. Onun sözlərinə görə, Kiyevdə “prezident Vladimir Zelenski istisna olmaqla”, ABŞ-nin irəli sürdüyü razılaşma konsepsiyasına geniş dəstək var. Amerikan lideri qeyd edib ki, münaqişənin həlli çətin prosesdir və xüsusilə ərazi məsələsi danışıqların əsas maneələrindən biri olaraq qalır. Buna baxmayaraq, Vaşinqtonun hədəfi atəşkəsin əldə edilməsi və müharibənin dayandırılmasıdır.
The Wall Street Journal yazır ki, Tramp Avropa tərəfdaşlarını Ukrayna prezidenti Vladimir Zelenskini ABŞ-nin irəli sürdüyü sülh planını qəbul etməyə inandırmağa çağırıb. Mənbələrə görə, Ağ Ev hesab edir ki, Avropa liderlərinin mövqeyi Zelenskinin qərarına birbaşa təsir göstərə bilər.
Ukrayna prezidenti Zelenski isə dekabrın 11-də bildirib ki, ABŞ danışıqlarda irəliləyişlə bağlı 25 dekabradək “aydın mənzərə” gözləyir. Onun sözlərinə görə, hazırkı razılaşma layihəsi Ukrayna Silahlı Qüvvələrinin sayını 800 min hərbçi ilə məhdudlaşdırır. Eyni zamanda, ərazilərlə bağlı müzakirələr və Zaporojye AES üzərində nəzarət məsələləri hələ də açıq qalır.
Poliqon.info