AZ

Tailand kralı ölkə parlamentinin aşağı palatasını buraxıb

İqtisadi çətinliklər, siyasi gərginlik və Kamboca ilə sərhəddə böhran fonunda hökumət böhranı gündəmdədir...

Tailand kralı Maha Vaçiralonqkorn fövqəladə fərmanla ölkənin aşağı palatasını buraxıb.

Poliqon xəbər verir ki, bu barədə Nation qəzeti məlumat yayıb. Fərmanın imzalanması təşəbbüsü baş nazir Aunutxin Çanvirokun tərəfindən irəli sürülüb.

Materialda bildirilir ki, Aunutxin hökumətinin ölkədəki ağır iqtisadi vəziyyət, davam edən siyasi qeyri-stabil şərait və Kamboca ilə sərhəddə yaşanan hərbi böhran fonunda idarəçilik qabiliyyətini itirdiyini bəyan etməsindən sonra kralın fərmanı qüvvəyə minib.

Qeyd olunur ki, yeni ümummilli seçkilər fərmanın dərc olunduğu gündən etibarən ən azı 45 gün, ən çoxu isə 60 gün sonra keçirilə bilər. Bu müddət krallığın rəsmi qəzetində fərmanın yayımlandığı tarixdən hesablanacaq.

Tailandla Kamboca arasında sərhəd bölgəsində son günlər vəziyyət daha da gərginləşib. Ötən həftəsonu baş verən qarşıdurmalar bu günə qədər davam edir.

Dekabrın 8-də Tailand Kambocanı Buriram əyalətinin mülki yaşayış məntəqələrini atəşə tutmaqda ittiham edib. Bundan əvvəl isə hər iki ölkə eyni vaxtda sərhəd ərazilərində bir-birinə zərbələr endirib. Gərginlik Anuponq adlı tay bazasına edilən hücumdan sonra artıb; hücum nəticəsində Tailand hərbçiləri yaralanıb. Cavab olaraq Tailand Hərbi Hava Qüvvələri F-16 qırıcılarını havaya qaldırıb və Çonq An Ma bölgəsində Kambocanın artilleriya mövqelərini hədəfə alıb.

Poliqon.info

Seçilən
30
poliqon.info

1Mənbələr