AZ

Aİ Rusiya aktivlərini dondurulmuş saxlamağa imkan verən mexanizmi təsdiqlədi

Yeni hüquqi sxem Budapeştin veto imkanını məhdudlaşdırır və 210 milyard avronun açılma riskini minimuma endirir...

Poliqon xəbər verir ki, Avropa İttifaqı ölkələri Rusiyaya məxsus 210 milyard avro dəyərində dövlət aktivlərinin Ukraynaya reparasiyalar ödənilənədək dondurulmuş vəziyyətdə saxlanmasına imkan verən hüquqi mexanizmi yekunlaşdıraraq təsdiq ediblər. Politico-nun məlumatına görə, üzv dövlətlərin daimi nümayəndələri qərarı “çox aydın çoğunluqla” qəbul ediblər.

Yeni mexanizm Avropa Komissiyasına fövqəladə səlahiyyətlər verir və bununla da Macarıstan və Kremlə yaxın mövqe tutan digər hökumətlərin hər altı aydan bir sanksiyaların uzadılmasını bloklamaq imkanını faktiki olaraq aradan qaldırır. Bu addım aktivlərin gözlənilmədən açılması və Rusiyaya qaytarılması riskini kəskin şəkildə azaldır, xüsusən də həmin vəsaitlərin Ukraynaya veriləcək kreditlər üçün təminat kimi istifadə olunacağı ehtimalı fonunda.

Aİ rəsmiləri bildiriblər ki, bu qərar həm Avropa iqtisadiyyatına ciddi ziyan vurulmasının qarşısını almaq, həm də Kremlin mümkün hibrid hücumlarına mane olmaq məqsədi ilə qəbul edilib. Birliyin fikrincə, Rusiyanın təcavüzü nəticəsində yaranan genişmiqyaslı iqtisadi və təhlükəsizlik riskləri aktivlərin azad edilməsini qətiyyən məqbul etmir.

Macarıstan isə qərarı dərhal mübahisələndirərək onun Aİ hüququnu pozduğunu və Avropa Komissiyasının neytrallığını zədələdiyini iddia edib. Budapeşt bu mexanizmi sanksiyaların siyasi alətə çevrilməsi kimi qiymətləndirir və məsələnin yenidən gündəmə gətiriləcəyini istisna etmir.

Poliqon.info

Seçilən
67
poliqon.info

1Mənbələr