Rusiya prezidenti Vladimir Putin Venesuela prezidenti Nikolas Maduro ilə telefon danışığı aparıb.
Editor.az xəbər verir ki, Kremlin yaydığı məlumata əsasən, söhbət zamanı tərəflər noyabr ayında qüvvəyə minmiş Strateji Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində iqtisadi, enerji və mədəni əməkdaşlıq istiqamətlərində bir sıra məsələləri müzakirə ediblər.
Bəyanatda qeyd olunur: “Dövlət başçıları Rusiya ilə Venesuela arasında dostluq münasibətlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar. Liderlər iqtisadiyyat, enerji, maliyyə, mədəniyyət və digər sahələrdə mövcud və perspektiv birgə layihələrin həyata keçirilməsinə dair qarşılıqlı iradələrini ifadə ediblər”.
Telefon danışığı zamanı Vladimir Putin Venesuela xalqı ilə həmrəy olduqlarını və artan xarici təzyiqlər fonunda Maduro hökumətinə dəstəklərini davam etdirəcəklərini bildirib. Danışıq Venesuela ilə ABŞ arasında münasibətlərin nəzərəçarpacaq dərəcədə gərginləşdiyi bir dövrə təsadüf edib.
//Gülnarə Abasova, Editor.az