AZ

Süni intellekt sosial münasibətləri zəiflədir? -Psixoloq AÇIQLADI

"Süni intellektdən geniş istifadə insanların davranış modelində müəyyən dəyişikliklər yaradır, lakin bunu tamamilə mənfi təsir kimi qiymətləndirmək doğru olmaz. İnsanlar "ChatGPT" kimi platformalardan əsasən sürətli məlumat əldə etmək, fikirlərini formalaşdırmaq və ya emosional olaraq boşalma ehtiyacını qarşılamaq üçün istifadə edirlər. Bu, bəzən ünsiyyətin müəyyən qismini texnologiyaya daşıyır, amma bu o demək deyil ki, insanlar real münasibətlərdən uzaqlaşır".

Bu fikirləri Redaktor.az-a psixoloq Zeynəb Əyyubova bildirdi.

Onun sözlərinə görə, əgər insanın sosial bacarıqlarında, əlaqələrində və emosional həyatında problem yoxdursa, süni intellektdən istifadə onun ünsiyyət tələbatını əvəz etmir:

"Sadəcə əlavə bir vasitə rolunu oynayır. Mənfi təsir daha çox sosial tənhalıq yaşayan, münasibətlərdə çətinlik çəkən və ya özünü ifadə etməkdə çətinlikləri olan insanlarda müşahidə oluna bilər. Belə şəxslər bəzən texnologiyanı sosial əlaqələrin yerinə qoymağa meyilli olurlar. Bununla yanaşı, süni intellektdən düzgün istifadə insanlar arasında münasibətləri zəiflətmək əvəzinə, əksinə, gücləndirə də bilər. Məsələn, insanlar daha düzgün məlumat alaraq və ya özlərini emosional cəhətdən daha rahat hiss edərək sosial ünsiyyətə daha hazırlıqlı ola bilirlər".

Psixoloq qeyd etdi ki, real sosial münasibətlər, ailə və dostlarla ünsiyyət, emosional yaxınlıq dəyişdirilə bilməz.

"Süni intellekt isə yalnız dəstəkçi vasitədir və insanlar texnologiyanı həyatlarına düzgün inteqrasiya etdikdə, münasibətlərdə mənfi təsir deyil, əksinə, müəyyən rahatlıq yarada bilər", - deyə Z.Əyyubova vurğuladı.

Xədicə BAXIŞLI

Seçilən
10
1
redaktor.az

2Mənbələr